OpenAI yaxın vaxtlarda SoftBank Group-un iştirakı ilə 40 milyard dollarlıq investisiya raundunu bağlamağa yaxındır | Banco.az

OpenAI yaxın vaxtlarda SoftBank Group-un iştirakı ilə 40 milyard dollarlıq investisiya raundunu bağlamağa yaxındır

Müəllif - Fərid İslamov - Banco.az

 ChatGPT çat-botunun yaradıcısı OpenAI, əsas iştirakçısı SoftBank Group Corp. olan 40 milyard dollarlıq investisiya raundunu bağlamağa yaxındır, Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.

Agentliyin mənbələrinin bildirdiyinə görə, investisiya raundunda Magnetar Capital, Coatue Management, Founders Fund və Altimeter Capital Management də iştirak edə bilər. Həmçinin, hedge-fond Magnetar Capital-in OpenAI-ə 1 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırdığı deyilir.

Analitik firma PitchBook qeyd edir ki, bu, şirkət üçün ən böyük investisiya raundu olacaq. OpenAI-nin qiymətləndirməsi 300 milyard dollara çata bilər - bu da keçən ilin oktyabrında şirkətin 157 milyard dollar dəyərində qiymətləndirilməsi ilə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

İlk mərhələdə SoftBank OpenAI-ə 7,5 milyard dollar, digər investorlar isə 2,5 milyard dollar sərmayə yatıracaq. Mənbələrin sözlərinə görə, ikinci mərhələdə OpenAI bu ilin sonlarında əlavə olaraq 30 milyard dollar maliyyələşmə əldə edəcək, ondan 22,5 milyard dolları SoftBank tərəfindən, 7,5 milyard dolları isə digər investorlar tərəfindən təmin ediləcək.