Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya miqyasında süni intellekt sahəsində innovasiya lideri olan “OpenAI” insana bənzər robot istehsalı üçün robototexnika departamentini istifadəyə verməyə hazırlaşır.
Banco.az xəbər verir ki, robototexnika departamentini yaratmaq üçün iş elanları yerləşdirən ChatGPT-nin yaradıcısı şirkət elan vasitəsilə insana bənzər robot istehsalı planları haqqında məlumat verir.
İş elanlarından toplanan məlumata əsasən, “OpenAI”nin robototexnika departamenti komandası dinamik və real dünya mühitində insanabənzər zəka ilə işləyə bilən, uyğunlaşma qabiliyyətinə malik və çoxşaxəli robotların istehsalına fokuslanacaq. “OpenAI” robot texnologiyası üçün şirkətin daxili olaraq hazırladığı süni intellekt modelləri tərəfindən dəstəklənən yeni sensorlar və hesablama elementləri yaratmağı planlaşdırır.
İş elanında həmçinin “OpenAI”nin robotik prototipləri sınaqdan keçirmək üçün müqavilə əsasında mühəndislər işə götürməyi planlaşdırdığı vurğulanır. Şirkət xüsusilə robot sınaq qruplarında və mexaniki sistemlərin dizaynı sahəsində işləyəcək təcrübəli mühəndislər axtarır.
“OpenAI” ChatGPT kimi süni intellektlə təchiz edilmiş insana bənzər robotların istehsalını planlaşdırır. Bu yeni sərmayə planı şirkətin süni intellekti fiziki sistemlərlə inteqrasiya etmək istiqamətindəki addımlarını nümayiş etdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!