Müəllif: Tamara Mustafayeva, Banco.az
“ChatGPT”nin tərtibatçısı “OpenAI” yeni süni intellekt aləti “Operator” təqdim edib.
Banco.az xəbər verir ki, “OpenAI” tərəfindən verilən açıqlamada istifadəçilər üçün tapşırıqları müstəqil şəkildə yerinə yetirəcək alətin ilkin baxışının yayımlandığı bildirilib.
Açıqlamada “Operator” adlanan alətin müxtəlif təkrarlanan brauzer tapşırıqlarını yerinə yetirə biləcəyi qeyd olunub və bu süni intellekt alətinin bu gündən etibarən operator.chatgpt.com ünvanında ABŞ-dakı “Pro” istifadəçilərinə təqdim edildiyi bildirilib.
Operatorun istifadəçilərdən öyrəndikcə təkmilləşəcəyinə toxunulan açıqlamada tətbiqin gələcəkdə Plus, Team və Enterprise istifadəçiləri üçün genişləndirilməsi və bu imkanların ChatGPT-yə inteqrasiya olunmasının planlaşdırıldığı qeyd edilib.
Açıqlamada “Operator”un çətinliklərlə qarşılaşdığı və ya səhv etdiyi hallarda özünü düzəltmək üçün məntiq yürütmə bacarıqlarından istifadə edə biləcəyi vurğulanıb. Həmçinin, alətin köməyə ehtiyacı olduğu vəziyyətlərdə idarəetməni istifadəçiyə geri verərək rahat və əməkdaşlığa əsaslanan bir təcrübə təmin edəcəyi bildirilib.
Süni intellekt alətinin veb-saytlarda gəzmək, mətn yazmaq və düymələrə basmaq da daxil olmaqla geniş çeşidli tapşırıqları yerinə yetirə biləcəyi xüsusi olaraq vurğulanıb.
Buna əsasən, “Operator” istifadəçilər üçün form doldurmaq, tətil planlaşdırmaq, uçuş, otel və restoran rezervasiyası etmək, market sifarişi vermək kimi əməliyyatları həyata keçirə biləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!