Müəllif:Mehin Qasımova,Banco.az
"OPEC+" ölkələri aprel ayı üçün neft hasilatını artırmaq barədə qərar qəbul ediblər.
Banco.az xəbər verir ki, təşkilatın mətbuat açıqlamasına görə, səkkiz üzv ölkə gündəlik hasilat kvotasını ümumilikdə 206 min barel artıracaq.
Qərarın verilməsində qlobal iqtisadiyyatla bağlı sabit proqnozlar, eləcə də bazarda müşahidə olunan sağlam vəziyyət və aşağı neft ehtiyatları əsas amil kimi göstərilib.
Xatırladaq ki, ötən ilin oktyabrında "OPEC+" çərçivəsində daha əvvəl razılaşdırılmış 1,65 milyon barel/gün məhdudiyyətinin mərhələli şəkildə bazara qaytarılması prosesinə başlanılmışdı. Həmin vaxt kvotalar 137 min barel/gün artırılmışdı. Lakin mövsümi tələbatın azalması səbəbindən 2026-cı ilin birinci rübündə hasilat artımı müvəqqəti dayandırılmışdı.
Məlumatda bildirilir ki, iştirakçı ölkələr bazardakı vəziyyəti yaxından izləməyə davam edəcəklər. Məqsəd isə neft bazarında sabitliyi qorumaqdır. Bunun üçün ölkələr ehtiyac yaranacağı halda hasilat planlarına yenidən baxmaq və könüllü məhdudiyyətləri dəyişmək imkanını saxlayırlar.
Bəyanatda vurğulanır ki, bazarın balansını qorumaq üçün ehtiyatlı yanaşma davam etdiriləcək. Bu çərçivədə 2023-cü ilin noyabrında elan edilmiş və gündəlik 2,2 milyon barel həcmində olan könüllü hasilat məhdudiyyətlərinin dayandırılması və ya ləğvi ilə bağlı çeviklik qorunacaq.
Qeyd edək ki, razılaşmada iştirak edən səkkiz ölkə – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman – iki əsas məhdudiyyət paketi tətbiq edir: gündə 2,2 milyon barel və 1,65 milyon barel. Sonuncu məhdudiyyət ilkin olaraq 2026-cı ilin sonuna qədər qüvvədə qalmalı idi.
"OPEC+" ölkələrinin növbəti iclasının 5 aprel tarixində keçiriləcəyi gözlənilir. Bu görüşdə bazardakı vəziyyət və hasilat siyasətinin gələcək istiqamətləri yenidən müzakirə olunacaq.
