Müəllif:Mehin QasımovaBanco.az
OPEC+ ölkələri oktyabr ayı üçün neft hasilatı siyasətində dəyişiklik etməmək qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə OPEC+ ölkələrinin bazar günü keçirilən iclasından sonra yayılan açıqlamada bildirilib. Qeyd olunub ki, hasilatla bağlı növbəti addımlar müəyyən edilməzdən əvvəl yeni kvotalar üzrə razılığın əldə olunması vacibdir.
Görüş OPEC+ qrupunun yeddi əsas üzvünün – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Omanın iştirakı ilə keçirilib. İclas İranla müharibə fonunda Hörmüz boğazından neft ixracının dayandırıldığı bir vaxtda baş tutub. Bu vəziyyət OPEC+ ölkələrinin qlobal neft bazarında qiymətlərə və bazar payına təsir imkanlarını məhdudlaşdırır.
OPEC+ avqust ayında sentyabr ayı üçün neft hasilatının artırılması barədə qərar qəbul etmişdi. Bununla da 2023-cü ildə razılaşdırılmış gündəlik 1,65 milyon barellik hasilat azalmasının mərhələli şəkildə ləğvi prosesi başa çatıb.
Bununla belə, hasilatın artırılması ilə bağlı qərara baxmayaraq, OPEC üzvləri və Rusiya da daxil olmaqla digər müttəfiq ölkələr faktiki olaraq müəyyən edilmiş hasilat hədəflərindən xeyli aşağı səviyyədə neft hasil edirlər.
