OPEC-in qərarı neft bazarına necə təsir edəcək? - ŞƏRH | Banco.az

OPEC-in qərarı neft bazarına necə təsir edəcək? - ŞƏRH

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

OPEC+ iştirakçıları iyunun 2-də onlayn formatda keçirilən iclasda neft hasilatının azaldılması ilə bağlı sazişin müddətinin 2025-ci ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. 

Bunun neftin qiymətlərinə təsiri barədə  Banco.az-a açıqlama verən neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, təşkilata üzv olan ölkələrin 2023-cü ilin noyabrında qəbul edilmiş qərarın 2025-ci ilin sonuna kimi uzadılması neftin ucuzlaşması mənasını daşımır. 

Ekspert qeyd edib ki, bazarda bu qiymətə kifayət qədər neft satıldığı üçün onun qiymətinin  yuxarı, ya aşağı edilməsinə ehtiyac yoxdur, çünki qiymətlər OPEC plyusa üzv olan ölkələr üçün kifayət qədər komfortludur:

“Belə tənzimləmə ilə bazarda qiymətin 80-85 dollar dəhlizində stabilləşməsinə imkan var. Bu imkanlardan yararlanmaq lazımdır. Hesab edirəm ki, dünya iqtisadiyyatının təlatümlü dövründə, əsasən də iqtisadiyyatları  xam neftə bağlanmış ölkələr üçün kifayət qədər düşünülmüş addımdır. Azərbaycan da bu siyahıda yer alır”.

Hazırda dünya bazarında Brent  markalı neftin qiyməti 81 dollar təşkil edir. Bəzi analitiklərin qənaətinə görə, OPEC plyusun hasilatı azaltmaqla qiymətləri 80 dollar həddində saxlamaq cəhdi nəticəsiz qala bilər. 

İlham Şaban isə hesab edir ki, ilin ikinci yarısı qiymətlər ucuzlaşsa belə, ötən ilki qiymətlərdən aşağı olmayacaq:

“Ötən il Brent markalı neftin orta qiyməti 83 dollar olub. Cari il üçün proqnoz 81-82 dollar idi. Yəni 2023-cü ildən ucuz olmalı idi. İlin beş ayı göstərdi ki, Brend markalı neftin qiyməti 85 dollardan yüksəkdir. Proqnozlara görə, gələn il üçün qiymətlər siyasi gərginliyin, risklərin aşağı düşməsi səbəbindən təqribən 81 -82 dollar ətrafında neft ticarət edə bilər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram