Müəllif: Tamara Mustafayeva, Banco.az
“OPEC+” qrupu "noyabr ayından etibarən hasilatın sutkada 2 milyon barel azaldılması qərarını" davam etdirəcək.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət “OPEC+” qrupu bazarlarda sabitliyin qorunması istiqamətində oktyabrın 5-də qəbul etdiyi “noyabrdan etibarən hasilatı gündəlik 2 milyon barel azaltmaq qərarını” davam etdirəcək.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi 13 üzvlü “OPEC” və Rusiyanın başçılıq etdiyi “OPEC”ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin iştirakı ilə bazar şərtlərini qiymətləndirmək və dekabr ayı üçün həyata keçiriləcək hasilatın həcmini müzakirə etmək məqsədi daşıyan və onlayn rejimdə keçirilən 34-cü Nazirlər Görüşü artıq başa çatıb.
Görüşün yekununda “OPEC”in yaydığı bəyanatda “OPEC+” qrupunun oktyabrın 5-də keçirilən 33-cü OPEC və qeyri-OPEC Nazirlər Görüşündə qəbul etdiyi ixtisar qərarının əhəmiyyəti vurğulanmaqla “Sözügedən qərar tamamilə bazar qiymətləndirmələrinə uyğun və bazar iştirakçıları tərəfindən qlobal neft bazarlarının vəziyyətini yaxşılaşdırmaq üçün zəruri və düzgün hərəkət olaraq qəbul edilmişdir” fikirlərinə yer verilib.
Bəyanatda həmçinin Nazirlərin növbəti görüşünün 4 iyun 2023-cü il tarixində keçiriləcəyi barədə də məlumat verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!