Onlayn alış-veriş edərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? | Banco.az

Onlayn alış-veriş edərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Onlayn alış-verişin genişlənməsi insanlara daha rahat və sərfəli seçim imkanları yaradır. Lakin bu imkanlarla yanaşı, istehlakçıların aldadılması, saxta məhsulların satılması, ödənişlərin mənimsənilməsi və bank kartı məlumatlarının ələ keçirilməsi kimi risklər də artır. İlk növbədə bir məqamı nəzərə almaq lazımdır ki, internetdə məhsulun təqdim edilməsi, səhifənin peşəkar görünməsi və ya çoxsaylı müsbət rəylərin olması satıcının etibarlı olduğuna tam zəmanət vermir".

Bunu iqtisadçı ekspert Asif İbrahimov Banco.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, ilk növbədə, satıcının kimliyini yoxlamaq lazımdır ki,satışla məşğul olan şirkətin adı, hüquqi ünvanı, əlaqə nömrələri və digər məlumatları əlçatan olmalıdır: "Sosial şəbəkələrdə fəaliyyət göstərən səhifələrin əvvəlki paylaşımlarına, alıcıların rəylərinə və şikayətlərinə də baxmaq vacibdir. Xüsusilə yeni yaradılmış səhifələr, yalnız əvvəlcədən ödəniş tələb edən naməlum satıcılar və əlaqə məlumatlarını gizlədən şəxslərlə alış-veriş zamanı ehtiyatlı olmaq lazımdır.

İkinci məsələ qiymətdir ondan ibarətdir ki, bazar qiymətindən kəskin aşağı təkliflərə şübhə ilə yanaşmaq lazımdır. Məhsulun həqiqətən endirimdə olması mümkündür, lakin tanınmış markanın məhsulunun real dəyərindən xeyli ucuz təklif edilməsi saxtakarlıq əlaməti də ola bilər. Tələsik qərar verməmək, eyni məhsulun müxtəlif satış platformalarında qiymətini müqayisə etmək məqsədəuyğundur.

Üçüncüsü və ən vacib məsələlərdən biri ödəniş təhlükəsizliyidir. Bank kartının CVV/CVC kodunu, PIN kodunu və SMS-lə göndərilən təsdiq kodlarını heç kimə vermək olmaz. Ödəniş üçün göndərilən şübhəli keçidlərə daxil olmaq, tanımadığınız şəxslərin kart məlumatlarını tələb edən səhifələrində məlumatları yazmaq ciddi risk yaradır. HTTPS ilə başlayan internet ünvanı da özlüyündə saytın etibarlı olduğunu sübut etmir. Mümkün olduqda alıcını qoruyan ödəniş sistemlərindən və mübahisəli əməliyyata etiraz etmək imkanı verən üsullardan istifadə edilməlidir".

A. İbrahimov qeyd edib ki, dördüncü məsələ sifarişin şərtləridir: "Məhsulun ölçüsü, modeli, istehsalçısı, yeni və ya işlənmiş olması, çatdırılma haqqı, gömrük xərcləri, geri qaytarılma və pulun geri ödənilməsi qaydaları əvvəlcədən dəqiqləşdirilməlidir. Xüsusilə xarici platformalardan sifariş zamanı məhsulun yekun qiyməti yalnız satıcının göstərdiyi məbləğdən ibarət olmaya bilər. Çatdırılma və mümkün əlavə xərclər də nəzərə alınmalıdır. Xaricdən alış-veriş zamanı başqa bir vacib məqam istehlakçının hüquqlarının müdafiəsidir. Yerli satıcı ilə yaranan mübahisənin həlli ilə xarici ölkədə fəaliyyət göstərən satıcıya qarşı hüquqların həyata keçirilməsi eyni dərəcədə asan olmaya bilər. Buna görə sifarişdən əvvəl platformanın alıcı müdafiəsi mexanizmini, şikayət prosedurunu və geri ödəniş şərtlərini oxumaq lazımdır.

Bundan başqa vacib məsələlərdən biri sənədləşdirmədir.Sifarişin təsdiqini, ödəniş qəbzini, satıcı ilə yazışmaları, məhsulun elanını və çatdırılma məlumatlarını saxlamaq lazımdır. Məhsul gəldikdə isə onu qəbul etməzdən əvvəl mümkün qədər yoxlamaq, qüsur və ya uyğunsuzluq aşkar edilərsə, bunu foto və video ilə qeydə almaq faydalıdır".

"Əgər istehlakçı aldadıldığını düşünürsə, vaxt itirmədən bankı ilə əlaqə saxlamalı, əməliyyatın mübahisələndirilməsi və kartın bloklanmasının zəruriliyi barədə məlumat almalıdır. Dələduzluq əlamətləri olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək də vacibdir.  Sonda bir fikri xüsusi vurğulamaq istərdim ki, onlayn alış-verişdə təhlükəsizlik yalnız texnologiyadan deyil, istehlakçının davranışından da asılıdır. Məhsulu almamışdan əvvəl bir neçə dəqiqə araşdırma aparmaq, bəzən həm pul itkisini, həm də sonradan yaranacaq uzunmüddətli mübahisələri önləyə bilər. Ən əsası, şübhəli təklif qarşısında tələsməmək və satıcının yaratdığı süni təzyiq altında qərar verməmək lazımdır", - deyə ekspert əlavə edib.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram