Ölkəmizin uğurlu simaları yeni ildə sizin üçün nə tövsiyə edir? | Banco.az

Ölkəmizin uğurlu simaları yeni ildə sizin üçün nə tövsiyə edir?

Müəllif - Aida İsaq, Banco.az

Axtardığımız ünvanlar üçün keçdiyimiz yollar, ona qayğı göstərməyimizi böyük sevgiylə gözləyən pişiklər, yeni başlanğıcların olduğuna bizi inandırmaq üçün yarpaqlarını xəzana çevirən ağaclar, qarşılaşdığımız xoş təbəssümlər, qarşısından keçərkən inanılmaz xəyallar qurduğumuz məkanlar, əzmlə əldə etməyə çalışdığımız uğurlar…. Və həyatımıza nəhayət sehrli möcüzələr gətirəcəyinə dərin hisslərlə inandığımız yeni il sevgisi… Bəlkə də artıq o səhifəni yenidən başlamalı, toz basan pəncərələri açmağa tələsməli, xəyal etdiyin o anları yaşamalı və öz dəyərini xatırlamalı olduğun zamandır. Əslində həyəcanla qeyd etməyə tələsdiyimiz Yeni il sadəcə bir gün yox, həm də bütöv 365 gündür… Səncə bu zaman ərzində daxilindəki əsl "SƏN"in arzularının, hədəflərinin qayğısına qala bilmisən? Suala cavab verməyə tələsmədən öz həyat yollarında, karyeralarında uğurlara imza atan müsahiblərimizin tövsiyyələrini mütləq oxumalısan!

 Gülşən Həsənzadə, "Yelo bank"ın PR Meneceri

"Əvvəllər Yeni İl üçün arzularım maddi olurdu. Lakin son 3 ildə anladım ki, sağlamlıq ən dəyərli xəzinəmizdir. Yeni İldə hər kəsə arzum səhhətlərinin möhkəm olması, pozitiv enerji və parlaq yeniliklərdir. Kovid-19 xəstəliyinin tamamilə yox olacağı, gözəl günlər və xoş xəbərlərdən bol bir il olmasını diləyirəm. Bu yazını oxuyan hər kəsə, başda özüm olmaqla əsas tövsiyəm keçmiş səhvləri təkrarlamamaq, yeni şeylər öyrənmək və gələcək haqqında gözəl xəyallar qurmaqdır. Uğurlu bir il üçün məqsədlərinə doğru çox çalışmaq, daima özünü maarifləndirmək və təşəbbüskar olmaq lazımdır. Çalışdığım bankda hər kəsə ilk verilən tövsiyə yenilikçi olmaq, zamanla ayaqlaşmaqdır. “Nələrisə daha da yaxşı necə edə bilərəm?” sualını özünüzə tez-tez verin. Fikirləşdiyiniz həllərin isə ən sadə və rahat olanını tətbiq edin."

  Əli Qurbanlı, Karyera məsləhətçisi

“Gəlişini qeyd etməyə hazırlaşdığımız 2023-cü ildə və bizi qarşıda gözləyən 2030-cu ilə qədər əmək bazarında əvvəlki illərdən daha fərqli yeniliklər gözlənilir. Müvafiq sektorda baş verəcək yeniliklər isə bizdən bu prosesə adaptasiya olmaq çağırışları tələb edəcək. Biz isə öz növbəmizdə bu çağırışlara uyğunlaşmaq üçün bəzi nüansları nəzərə almalıyıq. Özümüzü dərk edib yaxından tanımalı və bu prosedə fərqindəliyimizi artırmalıyıq. İkinci növbədə sosial çevrəmizdə və gələcəkdə baş verəcək yenilikləri də kəşf etməyə maraqlı olmalıyıq. Bundan başqa yeni bacarıqlar qazanmaq məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Gələcəyin əmək bazarı daha dəyişkən və dinamik olacağı üçün insanlar uyğun bacarıqları özlərində toplayıb lazım gəldikdə əmək bazarının dəyişkənliklərindən daha az risklərlə növbəti sahəyə keçməyi artıq gözə almağı bacarmalıdırlar. Dördüncü addım olaraq isə “yeni il yeni başlanğıc” məntiqinə əsaslanaraq qarşımıza yuxardakılardan birinə yaxud bir neçəsinə fokuslanacaq peşəkar və onların dayanıqlılığını artıra biləcək məqsədlər qoymaq faydalı olacaq."

 Sülhiyyə Şirinova, Unibank KB ictimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri

Banco.az-ın bütün oxucularını Yeni il münasibəti ilə təbrik edirəm və 2023-cü ilin hər birinizə düşərli olmasını arzulayıram. Yeni il hər nə qədər sıradan bir təqvim dəyişikliyi olsa da, hər birimiz üçün yeni arzuların doğulduğu, yeni planların qurulduğu, yeni hədəflərin qoyulduğu bir başlanğıcdır. Ona görə hamımız bu fürsəti dəyərləndirməliyik. İlin son günü həm başa vurduğumuz ilin hesabat günü, həm də yeni təqvim ilinin planlamasıdır. Düzgün və səmimi hesabat, düzgün planlamaya imkan verir. Hər bir insan özünə bu sualları verməlidir: "Mən nə istəyirəm, Məni nə xoşbəxt edir?, Yaxın gələcəkdə özümü harada görürəm?, Bunun üçün nə etməliyəm?, Mənə nə mane olur?, Zəif, güclü tərəflərim nədir?, Hansı tərəflərimi inkişaf etdirməliyəm?" Bu sualların sayını özünü kəşf edənədək artırmaq olar. Özünükəşf sənin istəklərinlə yanaşı, bacarıqlarını, çatmaq istədiyin yerdə olmağına mane olan səbəbləri ortaya çıxarır. Elə indi oturun və yeni ilin hədəflərini yazın. Bu siyahını evdə, işdə, mütəmadi olduğunuz hər yerdən asın ki, davamlı gözünüzün önündə olsun. Bu siyahıdakı hədəflərinizə çatmaq üçün aylıq, həftəlik, günlük hədəflər qoyun və bu günlük planlara nə qədər məsuliyyətli yanaşsanız, ilin sonunda özünüzlə o qədər qürur duyacaqsınız və hədəflərinizə çatdığınızı görəcəksiniz."

 Cəbrayıl Vəliyev, İqtisadçı ekspert

"Yeni illəri özündən əvvəlki illərdə cərəyan edən və təsiri davam edən hadisə və trendlərdən ayrı təsəvvür edə və dəyərləndirə  bilmərik.  Ancaq buna baxmayaraq hər yeni ildə insanlar yeniliklər, dəyişikliklər gözləntisi içində olurlar. Bu gözləntilər daha çox insanların öz imkan və səylərinə, istəkləriylə bərabər həyata keçirmə əzmlərinə dayanarsa reallaşdırılması daha asan olar. Təbii ki, mühitdə baş verəcək dəyişikliklər və yeniliklərə hazırlıqlı olmaqla yanaşı onlardan müsbət istiqamətdə istifadə etmək bacarıqlarımızı da nümayiş etdirməliyik. Hazırda dəyişikliklər, yeniliklər çox sürətlə baş verdiyi üçün, bu sürətə tab gətirmək vacibdir... Ya yenilik etməliyik, ya da yenilikləri vaxtında qəbul edib dəyişməliyik. Dəyərlərimizə fokuslanmalı, amma eyni zamanda dəyərlərimizin belə dəyişə biləcəyini qəbul etməliyik. Hərçənd dünyanın iqtisadi resessiya ilə üzləşəcəyi, inflyasiyanın davam edəcəyi, işsizliyin çoxalacağı təxminləri daha çox səslənsə də son dövrlərdə baş verən böhran xarakterli şəraitin qısa sürdüyünü də qeyd edə bilərik. Geriləməyə dayanıqlı olub arxasınca gələcək yüksəlişə də hazır olmalıyıq. Və çalışmalıyıq ki şərtlər bizə deyil, biz şərtlərə hakim olaq! Hamıya yeni ildə şərtləri yaradan və idarə edən bilik və hərəkət arzulayıram!"

 Sərvinaz Ələkbərova, “AccessBank”ın PR Meneceri

"2023-cü ildən daha çox sülh və hüzur gözləyirəm. Düşünürəm yerdə qalanlarını özümüz də əldə edə bilərik. Eyni zamanda səbrli olmaqda da fayda var. Çünkü yeni ildən başlayaraq bank sektorunda karyera qurmaq istəyənlər üçün bunun önəmli faktor olduğunu xüsusi vurğulamaq önəmlidir. Bundan başqa hər kəsə yeni ildə empatiya qurmağı və özünüinkişafla məşğul olmağı tövsiyə edərdim. Son zamanlar cəmiyyətdə bu ikisinə böyük tələbat var. Xüsusilə gənclərə bəzi tövsiyyələrim var. Başqalarını deyil, daxili səslərini dinləsinlər, karyeralarını “cool” adlara deyil, həvəslərinə, maraqları olan sahələrə yönləndirsinlər. Bir sahəyə nə qədər maraq göstərsələr, öyrənsələr bir o qədər də uğurlu olacaqlar. Çünki maraqdan, öyrənmək hissindən daha böyük stimul yoxdur. Əsas hədəfləri olsun və ona doğru addım-addım irəliləsinlər. Çünkü uğur hər şeyə rəğmən öz hədəfləri uğrunda mübarizə aparanlara nəsib olur."

Ən sərfəli kredit üçün müraciət et

  Vüqar Baba, PR və marketinq kommunikasiyaları eksperti 

"Azərbaycan üçün əhəmiyyətli il olacağına inanıram. İlk növbədə Qarabağ mövzusunda daimi sülhə daha da yaxınlaşacağımızı düşünürəm. Xankəndi və ətraf ərazilərdəki seperatçılar, həmçinin Azərbaycanda və regionda sülhə mane olmağa çalışan xarici qüvvələr reallıqla barışmağa başlayacaqlar. Şəxsi sferada isə yeniliklər və fürsətlər ili olacağına inanıram. Karyeramda il yarımlıq akademik fasilə götürmüşdüm, artıq bu il üçüncü ali təhsilimi başa vurdum. Gələn ildən etibarən daha bilgili və təcrübəli şəkildə karyerama da yeni təkanla istiqamət verəcəm. PR, korporativ və marketinq kommunikasiyaları üzrə dövlət qurumlarına, holdinqlərə qatacağım çox şey var. Bundan başqa insanlar hər il rəqabət əsaslı motivasiyalara köklənirlər. Ya özləri ya kənardan təsirlə hansısa uğur anlayışlarını digər şəxslərlə müqayisədə qurmağa və nail olmağa çalışırlar. Bu səbəbdən də nə olur-olsun tam xoşbəxt ola bilmirlər, hər zaman özlərindən yaxşısını taparaq kədərlənmək üçün səbəblər əldə edirlər və daim yarışın içində olurlar. Halbuki, hər kəsin həyat şərtləri, maddi, mənəvi imkanları, keçmişləri fərqlidir. Ona görə, ən gözəli özünlə rəqabət aparmaqdı - ötən ilki sənlə. Nə qədər inkişaf etmisən, nə qədər təcrübə, bilik, dost, xatirə qazanmısan? Bu suallarla özlərini motivasiya etsələr inkişaf üçün çalışarkən eyni zamanda daha xoşbəxt qalarlar.”

 Elmar Ağazadə, Çində yaşayan həmyerlimiz

"Yeni ildən tək gözləntim pandemiyanın Çində bitməsi və təyyarə biletlərinin əvvəlki qiymətə düşməsidir. İnsanlara tövsiyəm isə, hədəflərinə çatmaq üçün daima işləyib, əzm göstərməklə yanaşı qətiyyən əylənməyi, gəzməyi, gülməyi yaddan çıxartmasınlar. Bunun üçün büdcənin miqdarının nə qədər olması önəmli deyil."

 Tərxan Tərlanzadə, Rəqəmsal Marketinq üzrə mütəxəssis

"Dünən ağıllı idim dünyanı dəyişmək istəyirəm, bugün müdrikəm - çünki özümü dəyişmək istəyirəm". Ruminin bu sözləri yeni bir mən üçün ən gözəl ifadədir. Mənə görə yeni il sadəcə yeni il olmamalıdır. Bundan öncəki illərin hər biri digərinə görə yenidir. Mən özümdə verdiyim qərarları, eynilə ətrafıma da yansıtmaq istərdim. Yeni il sadəcə bir il olmasın, yeni mən, yeni sən olsun. Bunun üçün bundan öncəki bütün "yeni" illərə baxıb, bu ili fərqli bir il - yeni bir başlanğıc və yeni bir sən etməlisiniz. Özünüzün ən yaxşı versiyasına addım atmaq üçün məncə ən uyğun zamandır. Həyatınızın yeni ilini kəşf edin. Sadəcə təqvimlər dəyişməsin, siz də dəyişin!"

 Bahar Quliyeva, Epidemioloq

"İlkin növbədə, üzümüzə gələn 2023-cü ildən gözləntim özümə olan fiziki və mədəni investisiyanı artırmaqla həyatdan həzz ala bilməkdir. Bu zaman məqsədim oxuyaraq, öyrənərək həmçinin gəzərək yeniliklərlə tanış olmaqdan, eləcə də onları qəbul edib tətbiq etməkdən və ya lazımi anda istifadə etmək barədə anlayışlı olmaqdan ibarətdir. Özümə ayırdığım zamana təbii ki, ailəmlə və dostlarımla keçirdiyim zaman da dəyər qatsın istəyirəm. Və onlarla bağlı bu yeni ildə də "kaş ki"lərimin olmamasını diləyirəm. Düşünürəm ki, həyat paylaşdıqca gözəldir və insanlara tövsiyəm qarşınıza çıxan fürsətləri dəyərləndirin, istədiyiniz hədəflərə fokuslanın və onları əldə edin."

Ülkər Çələbiyeva, Marketinq menecer

"Yeni ildə hər kəsə tövsiyyəm ilk olaraq nə istədiyinizi bilmək üçün daim müxtəlif sınaqlar etməyinizin önəmli olduğunu unutmamağınızdır. Özünüzü bir çox sahələrdə yoxlayın. Ümumiyyətlə yeni addımlar atmaqdan qorxmayın. Çünkü yeni addımlar bizi böyüdən, yetişdirən səbəblərdir. Səhvlər etməkdən çəkinməyin. Necə deyərlər, uğurlarımızın sayını artırmaq üçün surətli şəkildə səhvlər etməliyik. İkinci məsələ daim məşğul ola biləcəyiniz, özünüzə, şəxsi həyatınıza zaman ayıra biləcəyiniz hobbiləriniz olsun. Sizi xoşbəxt edən hər hansısa bir incəsənətlə və yaxud bir işlə məşğul olun. Çünkü bu həyat eşqinin artırılmasına, karyeranızda işin produktivliyinin yüksəlməsinə birbaşa təsir edir. Araşdırmalar da göstərir ki, daim öz hobbiləriylə, sevdiyi işlərlə, incəsənətlə məşğul olanlar daha produktiv olur. Bu nüansı arxa plana atmadan daim öz üzərinizdə işləyərək inkişaf edin!"

Əziz oxucular ümid edirik ki, oxuyacağınız fikirlərdə, tövsiyyələrdə həyatınız üçün önəmli olan həmin detalları tapacaqsınız. Bəzən tək bir cümlə böyük uğurlarımızın, yeni həyat hekayəmizin başlanğıcı ola bilir. Özünüzü, həyatınızı, planlarınızı, hədəflərinizi, əzizlərinizi yeni il münasibəti ilə daha çox sevin!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et