"Ölkəmizin inkişafını yalnız neftə, qaza bağlamaq düzgün olmaz" | Banco.az

"Ölkəmizin inkişafını yalnız neftə, qaza bağlamaq düzgün olmaz"

"Əsrlər boyu biz neftimizlə tanınmışıq və ən çətin vaxtlarda, o cümlədən müstəqilliyimizin 25 ili ərzində neft bizim dayağımız olub". Bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müasir dövrdə ölkənin inkişafına bəslənilən bütün ümidləri yalnız neftə, qaza bağlamaq düzgün olmaz: "Buna görə, respublika rəhbərliyinin çalışdığı odur ki, sənayenin qeyri-neft sektoru da, kənd təsərrüfatı, turizm, xidmət sahələri də daha yüksək surətlə inkişaf etsin, bunların hamısı bir-birini tamamlasın və nəticə etibarı ilə gələcəyimiz yalnız bir sahədən asılı olmasın. Əgər prezident deyirsə ki, biz bütün hədəflərə çatacağıq, deməli, belə də olacaq və mənim buna zərrəcə şübhəm yoxdur. Çünki İlham Əliyevin zəkasına, iradəsinə və qətiyyətinə hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən bələdəm. Neftin qiymətləri məsələsinə gəlincə, deyə bilərəm ki, bu qiymətlər dalğavarı olaraq, zaman-zaman qalxıb da, düşüb də. "Əsrin müqaviləsi” imzalananda neftin bir bareli 13 dollar idi. Sonra qiymət 100 dolları keçdi. Bu bir eyforiya yaratdı. Sonra yenə enmə - 1 barel üçün 40-50 dollar. Hesab edirəm ki, belə enmələr bizə problem yarada bilməz. Keçən il neft gəlirlərinin hətta azalması da respublikanı inkişafdan saxlaya bilmədi. Çünki iqtisadiyyatımız möhkəm təməl üzərindədir. O ki, qaldı "neft kapitalının insan kapitalına çevrilməsinə" - bu, zəruri, lakin olduqca mürəkkəb məsələdir. Neft kapitalı belədir ki, nefti satırsan və böyük məbləğdə kapital əldə edirsən, milyardlar qazanırsan. İnsan kapitalı isə məbləğlə, manatla, dollarla ölçülmür. İnsan kapitalı başqa ölçülərlə müəyyən edilir. Neft kapitalının insan kapitalına çevrilməsi millətin zəka potensialının zənginləşməsi, müasir dövrdə mürəkkəb məsələləri uğurla həll etməyə qadir olan ağıllı, bilikli, elmli insanların - əsl intellektualların yetişdirilməsi deməkdir".

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Apa.az