Ölkələrin işsizlik dərəcəsi nə qədərdir? | Banco.az

Ölkələrin işsizlik dərəcəsi nə qədərdir?

İşsizlik (unemployment) — iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. 

İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən makroiqtisadi problemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. 

İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s-dir.

İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir:

  • Məşğullar. Bura hər hansı ödənişli işdə çalışanlar, eləcə də müəyyən səbəblərdən (xəstəlik, tətil) işə çıxmayanlar daxildir;
  • İşsizlər. Bu kateqoriyaya hazırda işi olmayan, iş axrarısında olan və işə yaralı şəxslər daxildir. Burada əsas məsələ, şəxsin işinin olmaması yox, iş axtarışında olmasıdır;
  • İşçi qüvvəsi. Bura həm işi olanlar, həm də işsizlər daxildir;
  • İşçi qüvvəsinə daxil olmayanlar. Bura pensiyaya çıxanlar, istirahət edənlər, təhsil alan şəxslər, iş tapa bilməyib ruhdan düşmüş işsizlər, işləməyə yararsız olanlar daxildir.

İşçi qüvvəsi işsizlərin və məşğulların cəminə bərabərdir:

L = E + U

  • L - İşçi qüvvəsi;
  • E - Məşğullar;
  • U - İşsizlər.

İşsizlik dərəcəsi isə U/L kimi ifadə edilir.

Hər bir ölkədə işsizlik dərəcəsi müxtəlif səviyyədədir.

Banco.az olaraq Dünya ölkələrinin iqtisadi və statistik məlumatlarını açıqlayan "EconomyWatch" xarici web saytından əldə etdiyimiz məlumata görə 30 iyun 2016-cı il tarixinə dünya ölkələrində işsizlik dərəcəsi belə olmuşdur:

Cədvəldə, yalnız, yaxın, qonşu ölkələri və hegemon dövlətlər əks olunmuşdur.

Ölkə

İşsizlik dərəcəsi

Belarus

2%

Yaponiya

3,267%

Çin

4,05%

Almaniya

4,583%

ABŞ

4,851%

Böyük Britaniya

4,996%

Qazaxıstan

5,042%

Azərbaycan

6,048%

Rusiya

6,521%

Ukrayna

9,205%

Fransa

10,141%

Türkiyə

11,293%

İtaliya

11,392%

Ermənistan

18,173%

İspaniya

19,715%

Yunanıstan

25,028%

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,  "EconomyWatch" web saytı statistik göstəriciləri Beynəlxalq Valyuta Fondundan əldə etmişdir.

Cədvəldən göründüyü kimi ən az işsizlik dərəcəsi Belarusda, ən çox isə Yunanıstandadır. Ümumən isə, ən çox göstərici Bosniya və Herseqovinada 26.5 %, ən az isə Taylandda 0.75 %-dir.

Azərbaycanda isə işsizlik dərəcəsi 6,048% qeydə alınıb.