Ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarında hansı dəyişikliklər nəzərdə tutulub? | Banco.az

Ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarında hansı dəyişikliklər nəzərdə tutulub?

2012-ci ilin 10 iyul tarixində təsdiq olunmuş "ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları"na Azərbaycan Mərkəzi bankının sədri Elman Rüstəmovun 15/2 nömrəli əmri ilə 23 iyun tarixindən etibarən dəyişiklik edilib.

2014-cü ilin 1 iyul tarixindən etibarən qüvvəyə minən dəyişikliklər banklar tərəfindən kart buraxılışı prosesinin təşkilinə, eləcə də çipli (elektron daşıyıcısı) və maqnit lentli ödəniş kartlarından istifadəyə şərait yaratmaqla kifayətlənmir. Bundan əlavə, kontaktsız ödənişlər və onlayn-ödənişlər də istifadə təcrübəsinə daxil edilir.

Bundan sonra kartlar üzrə həyata keçirilən əməliyyatlarda beynəlxalq ödəniş sistemlərində tətbiq olunan məsuliyyətin ötürülməsi mexanizmindən (liability shift rule) istifadə olunmayacaq. Artıq kartlar üzrə həyata keçirilən əməliyyatlar barədə məlumat 18 ay müddətində saxlanılacaq. Bankomatlara quraşdırılmış kameralardan (hər bir ATM minimum bir kameraya sahib olmalıdır) əldə olunmuş məlumatlar ən azı 6 ay müddətində saxlanılacaq. Bundan əlavə, POS-terminalların proqram təminatı onların işini ən azı azərbaycan dilində təmin etməlidir.

Bütün bunlarla yanaşı, əvvəlcədən ödənilmiş kartlar (istifadəçisi eyniləşdirilməmiş kartlar) üzrə də müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Onların sırasına daxildir: Sözügedən kartlar 5 illik istifadə müddətinə malik olmalı, kartın hesabına əvvəlcədən yüklənəcək məbləğ 50 manatdan və ya ekvivalentindən yüksək olmamalı, kart üzrə illik dövriyyə isə 1000 manatı və ya bu məbləğin ekvivalentini üstələməməlidir. İstifadəçisi eyniləşdirilmiş (identifikasiya) kartlar da 5 illik müddətə buraxılmalı və onlar üzrə xərc əməliyyatları il ərzində 10 min manat məbləğində məhdudlaşdırılmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Qaydalarda edilmiş dəyişikliklərə əsasən, artıq yalnızca  20 manat və daha yüksək məbləğdə nağdsız əməliyyatların həyata keçirilməsi zamanı POS-terminallarda kartın PİN-kodunun daxil edilməsi mütləq şəkildə tələb olunacaq. Bundan əlavə, istənilən nağd əməliyyatların həyata keçirilməsi zamanı da PİN-kodun daxil edilməsi tələb ediləcək.

Qaydalara görə, ölkədə yerli kart təşkilatları ilə yanaşı, Visa INC., MasterCard Incorporated, UnionPay International, American Express Company, DISCOVER FINANCIAL SERVICES, JCB Co., Ltd. kimi beynəlxalq sistem və təşkilatların fəaliyyətinə də icazə verilir.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et