Nominal gəlirin artması ölkədə istehlakçı davranışına necə təsir edib? | Banco.az

Nominal gəlirin artması ölkədə istehlakçı davranışına necə təsir edib?

Hər nə qədər çox qısa müddət imiş kimi görünsə də, 2007-ci ildən bu yana 11 il ötüb. 2007-2017-ci illərdə dəyişməyən şeylərin sayı hesabı yoxdur, lakin, dəyişənlər də az deyil. Məsələn, gəlirlərimiz. 10 il ərzində ortalama bir Azərbaycanlının nominal gəliri manatla 2.5 qat artıb (Dövlər Statistika Komitəsi). Bu göstərici inflasiya və devalvasiya kimi faktorları gözardı edir. Bu illər ərzində Azərbaycanda istehlakçı qiymətlərinin təqribən 1.6 dəfə (Dünya Bankı) artdığını nəzərə alsaq deyə bilərik ki, ortalama olaraq hər birimiz təqribən 55% varlanmışıq. 

 

Bəs bu varlanma bizim istehlakçı kimi davranışımıza necə təsir göstərib? Aşağıdakı diaqram Azərbaycanda bir sıra məhsulların adambaşına istehlakını 2007 və 2017-ci illər üzrə müqayisə etməyə imkan verir. Diaqramdan aydın olur ki, 10 il ərzində biz daha az tərəvəz və çörək yeməyə, daha çox ət, süd məhsulları və meyvə yeməyə başlamışıq.

Əgər biz 2007-ci ildə adambaşına 29 kiloqram ət yeyirdiksə, indi bu göstərici 37 kiloqramdır. Dünya üzrə adambaşına ət istehlakının 34 kiloqram olduğunu nəzərə alsaq deyə bilərik ki, vəziyyətimiz elə də pis deyil. Lakin, onu da qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə bu göstərici  75-80 kiloqramdan yuxarıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi illik ət istehlakı miqdarı da bizim mövcud istehlakımızın 2 qatından artıqdır (84 kq).

 

llər ərzində hansı məhsulun istehlakının 2007-ci il ilə müqayisədə necə dəyişdiyini görmək üçün ərzaq istehsalı indeksini hesablamaq yerinə düşər. Bu indeks belə hesablanır:

Ən sərfəli kredit üçün müraciət et

Burada X müəyyən il üçün indeksin dəyərini, C isə istehlak miqdarını göstərir. Beləliklə, 2007-ci il üçün indeksin dəyəri 100-ə bərabər olmuş olur.  

Hər məhsulun 2007-ci il üçün adambaşına istehlakını “100”-ə sabitləyib növbəti illəri ona uyğun olaraq dəyişsək ortaya aşağıdakı kimi bir mənzərə çıxır. Belə aydın olur ki, 10 il ərzində ən yüksək artım süd məhsullarında olub (+40%).

Ət istehlakının artmış olması önəmli göstəricidir, lakin bu artımın əsasını hansı ət növünün təşkil etməsi də vacib məsələdir. Yuxarıda ümumi ərzaq kateqoriyaları üçün hesabladığımız istehlak indeksini ət növləri üçün də hesablaya bilərik.

 

Görünür ki, ənənəvi olaraq istehlak edilən 3 əsas ət növündən ən ciddi artım quş ətinin istehlakında olub. Belə ki, adambaşına quş əti istehlakı 2007-ci il ilə müqayisədə 35% artıb. Bu artımın əsas hissəsi isə (~20%) 2015-ci ildən, yəni devalvasiyadan sonra olub. Bunu quş ətinin qiymətinin digər ətlərlə müqayisədə daha ucuz olması ilə əlaqələndirmək olar. Bununla belə, donuz ətinin istehlakında artım quş əti ilə müqayisədə daha yüksəkdir (40%). Donuz ətinin istehlakı 2013-cü ilə qədər 3 dəfə azalmışdısa da, daha sonra 4 il ərzində 4 qat artmışdır.  

Gələcəklə bağlı proqnoz vermək çətindir. Lakin görünən odur ki, önümüzdəki illərdə toyuq ətinin istehlakındakı artış davam edəcək. Donuz ətinin istehlakı da ciddi şəkildə artacaq, hətta, donuz əti ənənəvi olaraq istehlak edilən ət növünə belə çevrilə bilər. Meyvə istehlakının artmağa davam edəcəyini, tərəvəz istehlakının isə azalan trenddən uzaqlaşaraq artmağa başlayacağını təxmin etmək olar. Belə ki, gəlir səviyyəsi artdıqdan bir müddət sonra insanlar daha sağlam qidalara üz tutmağa başlayırlar. Bu, həm də çörək istehlakının növbəti illərdə də azalacağını deməyə əsas verir.

Müzəffər Abasov