Sərnişin təyyarəsini evə çevirdi – 20 ildir ki, orada yaşayır | Banco.az

Sərnişin təyyarəsini evə çevirdi – 20 ildir ki, orada yaşayır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Boeing 727 təyyarəsi adətən hava limanlarında və ya aviasiya muzeylərində görülür. Lakin Brüs Kempbell üçün bu təyyarə artıq uzun illərdir ki, ev funksiyasını daşıyır.

ABŞ-nin Hillsboro şəhəri yaxınlığında meşənin dərinliklərində yerləşən köhnə sərnişin təyyarəsi ilk baxışdan tərk edilmiş kimi görünür. Ancaq nəhəng metal konstruksiya əslində 74 yaşlı təqaüdçü mühəndis Brüs Kempbellin qeyri-adi yaşayış məkanıdır.

Kempbell 1999-cu ildə istifadədən çıxarılmış Boeing 727 təyyarəsini təxminən 100 min dollara alıb. Yunanıstandan ABŞ-yə gətirilən təyyarənin qanadları və quyruq hissəsi müvəqqəti olaraq sökülüb, daha sonra isə Oregon ştatındakı meşəlik ərazidə yenidən yığılıb.

Təxminən 99 kvadratmetrlik daxili sahəyə malik təyyarə zamanla qeyri-adi yaşayış evinə çevrilib. İçəridə duş kabini, yataq, kiçik paltaryuyan maşın və soyuducu yerləşdirilib. Köhnə xidmət arabaları isə saxlama bölməsi kimi istifadə olunur.

Brüs Kempbellin əsas məqsədi dəbdəbəli həyat qurmaq deyil. O, istifadədən çıxarılan təyyarələrin tullantıya çevrilmək əvəzinə yenidən faydalı məqsədlər üçün istifadə oluna biləcəyini göstərmək istəyir. Onun sözlərinə görə, bu cür nəhəng konstruksiyalar düzgün yanaşma ilə uzunömürlü və davamlı yaşayış məkanlarına çevrilə bilər.

İllər keçdikcə təyyarə evi sadəcə şəxsi yaşayış məkanı olmaqdan çıxaraq maraqlı turistlərin diqqət mərkəzinə çevrilib. Kempbell evdə olduğu vaxtlarda qapılarını ziyarətçilərin üzünə açır. Qonaqlar kabinəni gəzir, interyeri araşdırır və sərnişin təyyarəsinin necə evə çevrildiyini yaxından görürlər. Yay aylarında burada kiçik tədbirlər və konsertlər də təşkil olunur.

Təyyarənin keçmişi də ən az indiki görünüşü qədər maraqlıdır. İddialara görə, bu Boeing 727 vaxtilə Aristotle Onassisə məxsus olub və 1975-ci ildə onun tabutunun daşınması üçün istifadə edilib.

Bu gün isə həmin tarixi təyyarə meşənin ortasında qeyri-adi həyat layihəsinə çevrilib. Brüs Kempbell hələ də ideyasına sadiq qalır:

“Təyyarələrin tullantıya çevrilməsinə ehtiyac yoxdur. Onlar yenidən yaşayış üçün yararlı məkanlara çevrilə bilər.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram