Doğum tarixi: 1840-cı il
Doğum yeri: Bakı
Vəfatı: 21 aprel 1913-cü il (73 yaşında)
Vəfat yeri: Yalta
Vəfat səbəbi: günvurma
Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən biri də Şəmsi Əsədullayev olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə düşüb.
Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O da bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdı. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda - Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər.
Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başladı. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bildi. Bir müddətdən sonra Əsədullayev neft və duz podratçılığı ilə məşğul olmağa başladı. 15 il ərzində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açdı. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət qurdu. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nəhayət, 1891-ci ildə neftin Xəzər vasitəsilə daşınması sahəsində, Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verdi.
Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqca onun Moskvada, Polşada, habelə Orta Asiyada, Iranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı.
Camaat arasında Şəmsi Əsədullayevə "Nobel qardaşlarının qənimi" deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, Iranda, hətta Finlandiyada belə, Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da yanaşı, kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü. Böyük neft sahibkarları, o cümlədən Şəmsi bəy də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı.
Zəngin və "bədbəxt" milyonçu
Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı bir rus arvadı, iki oğlu və qızı vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı.
Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər. Şəmsi qış aylarını çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı.
Deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşiq imiş, bütün gəmi və barkazlarındakı sirenalarını xüsusi sifarişlə düzəldirirmiş. Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir.
Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvari qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi.
Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onu yaxınları Bakıda dəfn ediblər.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.
Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Ümmülbənin Mirzə Əsədullayevin qızıdır. Əsərlərini fransız dilində yazırdı. O iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.