Müəllif: Gülnar Əhmədli, Banco.az
İş axtararkən tez-tez rastlaşdığımız hallardan biri də odur ki, vakansiyalarda maaş qeyd edilmir. Bu zaman işaxtaranlar vakansiyanın özlərinə uyğun olub-olmadığını bilmirlər. Maaşı danışmaq üçün mütləq şirkətə getməli olurlar. Bəs bu, nə ilə bağlıdır? Vakansiyalarda niyə maaş qeyd edilmir?
Mövzu ilə bağlı Banco.az-a “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə açıqlama verib.
"Bu məsələ bir neçə səbəblə bağlıdır. Birincisi, Əmək Məcəlləsi vakansiyalarda əmək haqqının mütləq şəkildə göstərilməsini tələb etmir. Dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı mövcuddur və sistemə daxil edilən məbləğ bu həddən aşağı ola bilməz. Lakin qanunvericilikdə vakansiya elanlarında konkret əmək haqqı məbləğinin və ya aralığının göstərilməsi məcburi tələb kimi nəzərdə tutulmadığı üçün əksər hallarda bu məlumat qeyd edilmir.
Bununla belə, bir ekspert kimi hesab edirəm ki, əmək haqqının (ən azı aralıq şəklində) göstərilməsi məqsədəuyğundur. Bu, həm işəgötürən, həm də namizəd baxımından faydalıdır. Şirkət üçün üstünlük ondadır ki, təklif edilən əmək haqqına uyğun namizədlər müraciət edir və uyğun olmayan gözləntilərlə müraciətlərin sayı azalır. Namizəd üçün isə şəffaflıq təmin olunur. O, hansı əmək haqqı aralığında təklif veriləcəyini əvvəlcədən bilir və nəticədə vaxt itkisi yaşamır", - ekspert qeyd edib.
İ. Mirzəzadənin sözlərinə görə, bəzi hallarda əməkhaqqının müsahibə əsasında müəyyən ediləcəyi qeyd olunur: "Bununla belə, praktiki olaraq hər vakansiyanın müəyyən edilmiş büdcəsi olur və adətən həmin büdcə çərçivəsindən kənara çıxmaq mümkün olmur. Yalnız nadir hallarda, xüsusilə strateji əhəmiyyətli vəzifələr üzrə, daha geniş əmək haqqı imkanları nəzərdən keçirilə bilər.
Nəticə etibarilə, qüvvədə olan Əmək Məcəlləsi bunu imperativ norma kimi tələb etmədiyinə görə, vakansiyada əmək haqqı aralığının göstərilməməsi hazırda hüquq pozuntusu hesab edilmir".
Bizi sosial şəbəkələrdən izləyin!!
