“Nikoil Bank"ın 4 filialının icazələri ləğv edilib | Banco.az

“Nikoil Bank"ın 4 filialının icazələri ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Nikoil Bank" ASC-nin 1, 2, 9 və 13 saylı filiallarının fəaliyyətinə xitam verilərək, bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazələri ləğv edilib.

Banco.az "Report" a istinadən verdiyi xəbərə görə, icazələrin ləğv olunmasına səbəb sözügedən filiallarda Palata tərəfindən müəyyən edilmiş sağlam kreditləşmə normalarına riayət edilməməsi, kassa əməliyyatlarında qanun pozuntusuna yol verilməsi, habelə uçotun təhrif edilməsidir. Bundan əlavə, yerində baxış zamanı Bankın filiallarında olan mübadilə kassalarındakı faktiki qalığın balans məlumatından kənarlaşması müəyyən edilib. Belə ki, Palata tərəfindən aparılmış kassa yoxlamaları zamanı filialların kassalarında xarici valyutanın mövcud olmasına baxmayaraq, satış əməliyyatı aparılmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, MBNP tərəfindən təsdiq edilmiş “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri”nin tələbləri gözlənilməyib, borcalanın aylıq borc yükünün onun gəlirinə nisbəti əmsalı pozulub Palata, xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin 5 aprel 2016-cı il tarixindən bir ay müddətinə qadağan etməsinə baxmayaraq, xarici valyutada istehlak kreditlərinin verilməsi faktları aşkarlanıb.

"Sadalanan səbəblər qeyri-sağlam və dayanıqlı bank təcrübəsinə zidd olmaqla idarəetmə sistemindəki fundamental problemlərdən qaynaqlanıb", - deyə məlumatda qeyd olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et