Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq | Banco.az

Nicat Hacızadə: Korporativ idarəetmə iqtisadi səmərəliliyi artıracaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə 6 avqust tarixində keçirilən sosial-iqtisadi müşavirə kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da azaldılması istiqamətində növbəti addım hesab edilməlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, dövlət şirkətlərində korporativ idarəetmə sisteminə  və standartlarına keçid, iqtisadiyyatın liberallaşdırması, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da artırılması kölgə iqtisadiyyatının əhatə dairəsinin azalmasına yönələn addımdır: “Prezident İlham Əliyev dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi ilə bağlı mövzuya bir neçə dəfə toxunub və bu istiqamətdə xüsusi tapşırıqlar verib. Tövsiyyə və tapşırıqlar əsasında dövlət şirkətlərində korporativ idarəetmə standartların tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası formalaşdırılıb.”

Qeyd edək ki, iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədi ilə 2016-cı ilin 5 sentyabr tarixində “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Bu istiqamətdə həmçinin paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını da vurğulamaq olar.

Nicat Hacızadə bildirir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi qısa və orta müddətli dövrdə əmək haqqlarının düzgün hesablanması və uçotu, tender və satınalmalarda şəffaflığın artırılması, fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi və s. məsələlərin həllinə birbaşa müsbət təsir edəcəkdir. Bundan əlavə, korporativ idarəetmə standartlarının tətbiqi ilə götürülən borcların səmərəli və nəticəəsaslı istifadəsinə şərait yaradacaqdır. Uzun müddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaqdır. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsissatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaqdır. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarəedilməsi istiqamətində hesabatlılığını artıracaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Departament rəhbəri hesab edir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın liberallaşdırılması çağırışı isə post-pandemiya dövrü üçün zəruri əhəmiyyət daşıyır: “ Biz pandemiya dövründə dünyanın qabaqcıl ölkələrində belə proteksionist siyasət meyillərinin artmasını, qarşılıqlı ticarət münasibətlərində məhdudiyyətlərin əvvəlkinə nisbətən artmasını müşahidə edə bilirik. Bu nöqteyi-nəzərdən liberallaşdırma önəmlidir. Liberallaşdırma nəticəsində dövlət şirkətlərinin özəlləşdirilməsi də birbaşa xatırlanan idarəetmə sistemindən asılıdır.”

Beləliklə, Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə  aparılacaq islahatlar son nəticədə kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflədəcək, iqtisadi artımı dəstəkləyəcəkdir. Bundan əvvəldə aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyanetmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub. Büdcə gəlirlərinin artması ilə ölkəmizdə aparılacaq sosial layihələrin əhatə dairəsinin genişlənməsi üçün maliyyə mənbəyi formalaşacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et