"Netflix"in CEO-su "Warner Bros."u satın alacaqlarına tam əmindir | Banco.az

"Netflix"in CEO-su "Warner Bros."u satın alacaqlarına tam əmindir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Netflix"in baş icraçı direktorları (CEO) Ted Sarandos və Qreqori Peters "Warner Bros"u satın almaq üçün "Warner Bros. Discovery" ilə imzaladıqları razılaşmanı mütləq tamamlayacaqlarına əmin olduqlarını bildiriblər.

Banco.az xəbər verir ki, Sarandos və Peters UBS-nin qlobal texnologiya, media və telekommunikasiya konfransında "Warner Bros. Discovery" ilə bağladıqları satınalma razılaşması barədə qiymətləndirmələr aparıblar.

Sarandosa tədbirdə "Paramount"un "Warner Bros. Discovery"yə alternativ olaraq satınalma təklifi verməsi ilə bağlı ünvanlanan sual zamanı o belə deyib:

"Bu tamamilə gözlənilən addım idi. Biz razılaşmamızı imzaladıq və bu razılaşmadan son dərəcə məmnunuq. Bunun səhmdarlarımız üçün əla olduğunu düşünürük, istehlakçılar üçün də əla olduğunu düşünürük. Əyləncə sənayesində məşğulluq yaratmaq və qorumaq üçün mükəmməl bir yol olduğuna inanırıq. Razılaşmanı tamamlayacağımıza və nəticəyə çatacağımıza tam əminik."

"Netflix" 5 dekabrda açıqlamışdı ki, "Warner Bros"u film və televiziya studiyaları ilə yanaşı, "HBO Max" və "HBO"nu da əhatə edəcək şəkildə 72 milyard dollarlıq öz sərmayə dəyəri və 82,7 milyard dollarlıq ümumi şirkət dəyəri ilə satın almaq barədə "Warner Bros. Discovery" ilə razılığa gəlib.

Tramp isə verdiyi açıqlamada "Netflix"in "Warner Bros"u satın alma razılaşmasının “belli bir prosesdən keçməli olduğunu” və qərar prosesinə özünün də daxil olacağını bildirib.

Media və əyləncə şirkəti "Paramount" da açıqlamışdı ki, "Warner Bros. Discovery"nin bütün səhmlərini səhm başına 30 dollar nağd ödənişlə almaq üzrə ümumilikdə 108,4 milyard dollarlıq şirkət dəyərinə uyğun gələn təklif təqdim edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram