Tamara Mustafayeva, Banco.az
Əksəriyyətimiz Netflix platformasının istədiyimiz zaman istədiyimiz serial və ya filmi bizə təqdim etməsindən, videolara fasilə verib uyğun olduğumuz vaxtda izləmə imkanının olmasından olduqca razıyıq, ancaq bəzən uşaqlıqdan bəri vərdiş etdiyimiz televiziyanın ənənəvi yayım tezliyi üçün darıxırıq. TV-də bir-bir kanalları dəyişdirmə, ilk qarşıya çıxan proqramı izləmə və s...
Hələ də yuxarıda sadaladığımız vərdişlərə sahib bir çox insan olduğu üçün populyar video-striminq platforması Netflix də məhz bu səbəbdən televiziyaya xas bu xüsusiyyəti geri gətirməyə qərar verib və "ənənəvi TV modeli"-ni sınaqdan keçirməyə başlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Netflix platforması "Netflix Direct" adlanan yeni yayım modeli funksiyasını Fransada sınaqdan keçirməyə qərar verib. 5 noyabr tarixində kiçik istifadəçi qrupu arasında başladılan sınaq prosesi dekabr ayından etibarən daha geniş auditoriyaya təqdim ediləcək.
İstifadəçilər menyuya yeni əlavə edilən "Direct" seçiminə kliklədikdə populyar film, serial, şou və sənədli filmlərin əvvəlcədən proqramlaşdırılmış versiyası ilə qarşılaşacaqlar. Bu bölmədəki yayım tezliyi şəxslərə özəl seçilmiş videolardan tərtib edilməyək. Həmçinin bu yeni funksiyadan istifadə zamanı videoları geriyə qaytarma, dayandırıb istənilən zaman izləmə xüsusiyyətləri də aktiv olmayacaq.
Qeyd edək ki, platformanın sözügedən funksiyanı sınaqdan keçirmək üçün məhz Fransanı seçməsinin əsas səbəbi isə bu ölkədə hələ də ənənəvi televiziya vərdişlərinin digər Avropa ölkələrindən daha populyar olmasıdır.
Həmçinin oxu: Netflix mobil versiya üçün çoxdan gözlənilən funksiyanı aktivləşdirdi
Bizi sosial şəbəkələrdən izləyin!!