Netflix-də yayımlanan ən yaxşı sənədli filmlər | Banco.az

Netflix-də yayımlanan ən yaxşı sənədli filmlər

Tamara Mustafayeva, Banco.az

Netflix platforması yayımladığı sənədli filmləri ilə də olduqca məşhurdur. Bu sənədli filmlər məlumat xarakterli videolar izləmək istəyən və keyfiyyət axtarışında olan hər kəsi məmnun edəcək potensiala sahibdir. Biz də bugünkü məqaləmizdə Netflix-də yayımlanan və mütləq izləməli olduğunuzu düşündüyümüz ən yaxşı 10 sənədli filmin siyahısını təqdim edirik.

Qeyd: Siyahı filmlərin IMDb göstəricilərinə əsasən hazırlanıb.

1. Vyetnam Müharibəsi (The Vietnam War) – 2017

Ölkə: ABŞ

Janr: Tarixi, müharibə

IMDb: 9.1

Yaxın tarixin ən mühüm və mübahisəli müharibələrinin birindən bəhs edən bu sənədli film Ken Burns və Lynn Novick imzası daşıyır. Cəmi 10 seriyadan ibarət olan bu filmin çəkilməsinə 30 milyon dollardan çox büdcə ayrılmış və çəkilişlər on ilə başa çatmışdır. Sənədli film Amerika Film Sənayesi tərəfindən 2017 Özəl Mükafatına layiq görülmüşdür.

2. Baş aşpazın Süfrəsi (Chef’s Table) – 2015

Ölkə: ABŞ

Janr: Kulinariya

IMDb: 8.6

Hər seriyası dünyaca məşhur bir aşpazın ilham verici uğur hekayəsindən bəhs edir. Film aşpazların təkcə peşəsini deyil, onların şəxsi həyatını və fərdi inkişaf hekayələrini də tamaşaçılara çatdırır. Mümkünsüz hesab edilən nailiyyətlərin əldə edilməsində rolu olan dərin şövq və əzmin insanları və dünyanı necə gözəlləşdirdiyini gözlər önünə sərir.

Gərgin iş gününün sonunda beyninizi sakitləşdirəcək və xüsusilə də ruhdan düşməyə meyilli olduğunuz bu günlərdə əhval-ruhiyyənizi qaldıracaq bu sənədli filmi mütləq izləməlisiniz.

3. İtaət etməyənlər (The Defiant Ones) – 2017

Ölkə: ABŞ

Janr: Bioqrafiya, Cinayət

IMDb: 8.5

Sənədli film Dr. Dre və Jimmi Lovine kimi dünya musiqi sənayesinin mühüm simalarının hekayəsindən bəhs edir. Hadisələr əsasən bu iki şəxsin hip-hop janrını necə zənginləşdirməsi və qazandıqları uğurlar ətrafında cərəyan edir.

4. Son Şans (Last Chance U) – 2016

Ölkə: ABŞ

Janr: İdman

IMDb: 8.5

Bu sənədli film Şərqi Mississippi Universiteti və Independence Kollecində təhsil alan tələbələrdən ibarət Amerika futbolu komandasının həyatından bəhs edir. Amerika futbolu azarkeşlərinin mütləq izləməli olduğu bu film idmançıların şəxsi həyatlarını və kənardan baxanlar üçün olduqca dəbdəbəli görünən yaşayışlarının pərdə arxasını gözlər önünə sərir.

5. Springsteen Broadway səhnəsində (Springsteen on Broadway) – 2018

Ölkə: ABŞ

Janr: Musiqi

IMDb: 8.5

Amerikalı müğənni Bruce Springsteenin məşhur mahnılarının akustik versiyalarını ifa etdiyi bu sənədli filmdə o, həmçinin öz həyat hekayəsini və özəl xatirələrini səmimi tərzdə danışır.

6. Senna – 2010

Ölkə: Birləşmiş Krallıq

Ən sərfəli kredit üçün müraciət et

Janr: Bioqrafiya, İdman

IMDb: 8.5

Dünyaca məşhur Braziliyalı Formula 1 yarışçısı Ayrton Sennanın həyat hekayəsini və ölümünü ekranlaşdıran bu sənədli filmi izləyərkən bir an belə gözünüzü ekrandan çəkə bilməyəcəksiniz. Olduqca əzmli və özündən əmin bir yarışçı olan Sennanın Prost ilə arasında keçən məşhur rəqabəti və həyatı boyunca verdiyi müsahibələri ilə yanaşı, onun şəxsi keyfiyyətlərinin də şahidi olacağınız bu filmi izləyərkən özünüzü Sennanın yaxın dostu kimi hiss edəcəksiniz.

7. Qızlar və taleləri (Daughters of Destiny) – 2017

Ölkə: ABŞ

Janr: Mədəniyyət

IMDb: 8.5

Oskar mükafatına layiq görülən prodüser Vanessa Roth tərəfindən hazırlanan bu sənədli film Hindistanda hər il sadəcə 24 tələbə qəbul edən Shanti Bhavanda məktəbində oxumağa başlayan 5 qızın hekayəsindən bəhs edir. Olduqca kasıb ailələrə mənsub olan və çətin şəraitlərdə yaşamağa çalışan bu qızların gələcəklərini qurmaq üçün apardıqları mübarizəyə siz də şahidlik edin.

8. Ukrayna Azadlıq Mübarizəsi (Winter on Fire: Ukraine's Fight for Freedom) – 2015

Ölkə: Ukrayna, ABŞ, Birləşmiş Krallıq

Janr: Siyasi

IMDb: 8.4

Ukrayna, ABŞ və İngiltərənin müştərək hazırladıqları bu sənədli film 2013-2014-cü illər ərzində Ukrayda baş verən və 90 gündən çox davam edən hadisələrə və yeni dünyadakı insan hüquqlarının formalaşmasına işıq tutur. Hadisələr azadlıqları uğrunda birləşən Ukrayna xalqının mübarizəsi ətrafında cərəyan edir.

9. Abstrakt: Dizayn sənəti (Abstract: The Art of Design) – 2017

Ölkə: ABŞ

Janr: Bədii

IMDb: 8.4

Motivasiya edici videolar izləmək istəyənlər üçün bu sənədli film ən ideal seçimdir. Hazırda 2 sezon və 14 seriyadan ibarət olan və yaradıcılığı əsas götürən bu film dizaynerlərin baxış bucağını anlaya bilmək, onların hekayələrini və ilham mənbələrini kəşf edə bilmək üçün bir vasitədir.

10. Şərəf Ordeni (Medal of Honor) – 2018

Ölkə: ABŞ

Janr: Tarixi, müharibə

IMDb: 8.4

“Gələcəyə qayıdış” və “Forrest Gump” kimi dünyaca məşhur filmlərin rejissoru olan Robert Zemeckisin prodüseri olduğu bu sənədli film Əfqanıstan, İraq, Vyetnam kimi ölkələrdə keçirilən hərbi əməliyyatlarda Şərəf Ordeni qazanan Amerikalı əsgərlərin hekayələrindən bəhs edir. Hər seriyası təqribən 60 dəqiqə davam edən və cəmi 8 seriyadan ibarət bu silsilənin hər hissəsi fərqli əsgərin həyat hekayəsinə həsr olunmuşdur.

Həmçinin oxu: Netflix-də bu ay yayımlanacaq serial və filmlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et