Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən populyar rəqəmsal yayım platformalarından olan "Netflix" 2024-cü ilin dördüncü rübündə ödənişli abunəçilərinin sayını əvvəlki üç ayla müqayisədə 18,91 milyon nəfər artırıb.
Banco.az xəbər verir ki, bu, şirkət tarixində rekord rüblük artımdır.
Şirkətin səhmdarlara göndərdiyi məktubda bildirilir ki, dekabrın sonunda “Netflix”in 301,63 milyon abunəçisi olub. İl ərzində onların sayı 41,35 milyon nəfər artıb.
Oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti 1,869 milyard dollar və ya hər səhmə görə 4,27 dollar təşkil edib. Gəlir isə bir il əvvəlki 8,833 milyard dollardan 16% artaraq 10,247 milyard dollara çatıb.
“Netflix”in əməliyyat mənfəəti 52% artaraq 2,3 milyard dollara, onun gəlirliliyi bir il əvvəlki 17%-ə qarşı 22%-ə yüksəlib. Hər iki rəqəm şirkətin öz proqnozlarını üstələyib.
Şirkət həmçinin ABŞ, Kanada, Portuqaliya və Argentinada əksər tarif planları üçün abunə qiymətlərinin 1-2,5 dollar artdığını açıqlayıb.
Qeyd edək ki, “Netflix” səhmləri çərşənbə axşamı əlavə ticarətdə 14,4% artıb. Son on iki ayda şirkətin bazar dəyəri 79%-dən çox (367 milyard dollara qədər) artıb.