Neftin qiyməti Azərbaycana necə təsir edəcək? (ekspert rəyi) | Banco.az

Neftin qiyməti Azərbaycana necə təsir edəcək? (ekspert rəyi)

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor

2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun Ümumi Daxili məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları isə 28 dəfəyə qədər artıb. Göstərilən dövrdə ölkədə orta aylıq əmək haqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə artıb. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. 11 il ərzində yüzlərlə yeni istehsal və emal müəssisələri açılıb, 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılıb ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir.

2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olub. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür . Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı kardinal addımlar - Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurla reallaşması, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması,  sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına gerçək zəmin yarada bilib.

Ən sərfəli kredit üçün müraciət et

Son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 20%-ə qədər artaraq ümumilikdə 70%-ə yaxınlaşıb. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65% artıb ki, bu da orta illik 13% artım deməkdir. Qeyri neft-sektorunun qısa zaman çərçivəsində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməyib. Bax, budur Azərbaycan iqtisadiyyatının bugünkü real durumu. Bu faktları, bu həqiqətləri heç kim təkzib edə bilməz. Bunu təkcə biz deyil, bütün dünya görür və etiraf edir.

Unutmayaq ki, Azərbaycan bütün bu nailiyyətləri Ermənistanla müharibə şəraitində olduğu bir dövrdə əldə edib. Bəli, neftin qiymətləri dünya bazarlarında bu günə qədər iki dəfəyə qədər aşağı düşüb və heç bir şübhə yoxdur ki, bu prosesi idarə edən nəhəng güclər qiymətləri bir qədər də aşağı sala və lazım bildikləri səviyyəyə endirə bilərlər. Lakin qiymətlərin aşağı düşməsi Ümumi Daxili Məhsulunda qeyri-neft sektorunun payı artıq 70%-ə yaxın olan və bu kursu xüsusi dövlət proqramları çərçivəsində aparan bir ölkə üçün hansısa “qorxulu perspektivlər” yarada bilməz. Neftin qiymətlərinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik. Azərbaycan hökuməti son 11 il ərzində elə neft gəlirlərinin də bir qismini bu məqsədə istifadə etməklə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi üçün elə bir möhkəm bünövrə yarada bilib ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək.