Hindistan Google və Microsoft-a rəqib olacaq yeni proqramlar istifadəyə verib | Banco.az

Hindistan Google və Microsoft-a rəqib olacaq yeni proqramlar istifadəyə verib

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan hökuməti ABŞ ilə ticarət gərginliyi fonunda "Google" və "Microsoft" proqramlarının əvəzinə yerli proqramların istifadəsini təşviq edir.

Banco.az xəbər verir ki, Baş nazir Narendra Modinin kabinetinin üzvləri, ölkədə istehsal olunan texnologiyalara dəstək məqsədilə vətəndaşları gündəlik həyatlarında xarici proqramlardan imtina etməyə çağırır.

Elektronika və İnformasiya Texnologiyaları Naziri Ashwini Vaishnaw avtomobil yolları layihələrinə dair təqdimatında "Microsoft PowerPoint" əvəzinə yerli "Zoho" proqramını, "Google Maps" əvəzinə isə "MapmyIndia" xəritəçəkmə proqramını istifadə edib. 

Nazir eyni zamanda Zoho proqramını sınaqdan keçirdiyi videonu X-də paylaşaraq, milyonlarla baxış toplayıb və insanları yerli istehsal məhsullarından istifadə etməyə çağırıb.

Bundan əlavə, "Arattai" mesajlaşma proqramı da hökumət dəstəyi ilə populyarlıq qazanıb. Ticarət naziri Piyuş Göyal sosial media hesabında Arattai-dən istifadə etməsindən qürur duyduğunu bildirib. Sensor Tower şirkətinin məlumatlarına görə, "Arattai" proqramının yüklənməsi avqustda 10.000-dən az olsa da, sentyabrda 400.000-dən çox olub.

Hindistanın bu təşəbbüsü ölkənin texnoloji müstəqilliyini artırmaq və ABŞ-ın idxalına tətbiq etdiyi 50% rüsumlara cavab vermək məqsədi daşıyır.