Necə poliqlot olmaq olar? | Banco.az

Necə poliqlot olmaq olar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Xarici dil öyrənmək sosial, mədəni, peşə və iqtisadi baxımdan çox vacibdir. Üstəlik, müasir dövrün rəqabətli strukturu öyrənilməli olan xarici dillərin sayını artırıb. Yeni dil öyrənmək bəzi insanlar üçün asan deyil. Ancaq bəzi insanlar var ki, dil öyrənməkdə onlar üçün demək olar ki, heç bir məhdudiyyət yoxdur.

Məsələn, 18-ci əsrdə yaşamış italyan ilahiyyatçısı Cüzeppe Qaspardo Mezofantinin (Guiseppe Gaspardo Mezzofanti) ən azı 39 fərqli dildə danışdığı məlumdur. Ziad Yusif Fazah adlı livanlı şəxs isə 59 dil bilir.

Bu misalları artırmaq olar. Belə qeyri-adi insanlara poliqlotlar deyilir. Ancaq poliqlot olmaq üçün 2, 3, 4 və ya 5 xarici dil bilmək kifayət deyil.

Bəs poliqlot olmaq üçün neçə dil bilmək lazımdır?

Müasir dövrdə yeni dillər sizə mühüm təhsil və karyera imkanlarına nail olmaqda, həmçinin sosial və mədəni inkişafda kömək edə bilər.

Yeni bir dil öyrənməyə gəldikdə, dünyanın qalan hissəsindən qat-qat uğurlu olan insanlar var. Amerikalı dilçi Aleksandr Argüelles və Cənubi Koreya tarixçisi Conq Su-il 12 dil bilirlər. Yunan tərcüməçisi İoannis İkonomou 16 fərqli dildə, amerikalı dilçi Kennet Heyl isə 50 fərqli dildə, 18-ci əsrin sonlarında doğulmuş ingilis iqtisadçısı Con Bourinq isə 200 dildə danışa bilirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Çoxdilli və ya birdən çox dildə danışan insanlar üçün istifadə edilən poliqlot yunanca poly (çox) və glotta (dil) sözlərindən ibarət anlayışdır. Ancaq bir insanın poliqlot sayılması üçün birdən çox dil bilməsi kifayət deyil.

Ümumiyyətlə, "çoxdilli" termini iki və ya daha çox xarici dildə danışa bilən insanlar üçün istifadə olunur. Populyar fikirlərə görə, bir insan poliqlot sayılmaq üçün ən azı 7 xarici dil bilməlidir.

Elmi araşdırmalara əsasən, dünya əhalisinin 1 faizindən də az hissəsi poliqlotdur.

Bəs necə poliqlot olmaq olar?

Dünyada bir çox insan poliqlotların dil öyrənmək üçün xüsusi istedada və ya üstün zəkaya malik olduğunu düşünür. Amma bu həqiqət deyil.

Poliqlot olmaq üçün etmək lazım olan tək şey ardıcıl işləməkdir. Birdən çox xarici dildə danışan insanlar məhz belə edirlər. Başqa sözlə, onların dil öyrənmələrini asanlaşdıran hər hansı xüsusi qabiliyyətləri yoxdur. Onların sadəcə olaraq xarici dillərə tükənməz bir marağı, böyük həvəsləri və sadiq qalmağı bacardıqları öyrənmə qrafikləri var.