Müəllif: Tamara Mustafayeva, Banco.az
NATO: Müdafiə xərcləri 2026-cı ildə 11 faiz artacaq.
Banco.az xəbər verir ki, NATO-ya üzv ölkələrin ümumi müdafiə xərclərinin 2026-cı ildə ötən illə müqayisədə təxminən 11 faiz artaraq 1 trilyon 809 milyard 915 milyon dollara çatacağı proqnozlaşdırılır.
NATO üzv ölkələrin 2026-cı il üzrə təxmini müdafiə xərclərinə dair məlumatları açıqlayıb.
Məlumata əsasən, alyansa üzv ölkələrin ümumi müdafiə xərclərinin bu il ötən illə müqayisədə təxminən 11 faiz artması gözlənilir. Belə ki, ümumi müdafiə xərclərinin 1 trilyon 809 milyard 915 milyon dollara yüksələcəyi proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2024-cü ildə 1 trilyon 482 milyard 905 milyon dollar, 2025-ci ildə isə 1 trilyon 629 milyard 630 milyon dollar olub.
2026-cı ildə də NATO üzvləri arasında ən yüksək müdafiə xərclərini ABŞ-ın həyata keçirəcəyi gözlənilir. Proqnozlara görə, ABŞ bu il müdafiəyə 1 trilyon 32 milyard 849 milyon dollar vəsait ayıracaq ki, bu da alyansın ümumi müdafiə xərclərinin təxminən 57 faizini təşkil edəcək.
ABŞ-dan sonra müdafiə xərclərinə görə Almaniya 147 milyard dollarla ikinci, Böyük Britaniya 110 milyard dollarla üçüncü, Fransa 80 milyard dollarla dördüncü, İtaliya 57 milyard dollarla beşinci, Polşa 53 milyard dollarla altıncı, Kanada isə 52 milyard dollarla yeddinci yerdə qərarlaşacaq.
Proqnoza əsasən, Türkiyənin müdafiə xərcləri isə 2026-cı ildə 48 milyard dollar səviyyəsində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
