Müəllif:Mehin Qasımova,Banco.az
NASA raket sistemində aşkar edilən nasazlıq səbəbindən Ay missiyası ilə bağlı planlarını yenidən dəyişməli olub.
Banco.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası "Artemis II" missiyasının buraxılışını növbəti dəfə təxirə saldığını açıqlayıb.
NASA-nın rəhbəri Jared Isaacman "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, sınaqlar zamanı raket sistemində helium axınında problem aşkar edilib. Onun sözlərinə görə, nasazlıq filtr, klapan və ya birləşdirici lövhədəki qüsurdan qaynaqlana bilər.
Problemin aradan qaldırılması üçün raketin Kennedy Space Center-də yerləşən texniki bazaya geri qaytarılacağı qeyd olunub. Bu səbəbdən "Artemis II" missiyasının mart ayında həyata keçirilməsi mümkün olmayacaq. Buraxılış tarixinin təmir işlərinin nəticəsindən asılı olaraq aprelin əvvəlinə və ya sonuna keçirilməsi gözlənilir.
Qeyd edək ki, missiya daha əvvəl də bir neçə dəfə təxirə salınmışdı. Əvvəlcə güclü soyuqlar səbəbindən fevral ayına keçirilən buraxılış daha sonra maye hidrogen sızması və digər texniki problemlərə görə mart ayına dəyişdirilmişdi.
