Nağdsız ödənişlər üzrə Naxçıvan MR-də bankların uğurlu fəaliyyəti | Banco.az

Nağdsız ödənişlər üzrə Naxçıvan MR-də bankların uğurlu fəaliyyəti

Bir ölkədə nağd pul dövriyyəsinin həcminin üstünlük təşkil etməsi eyni zamanda onu bir sıra iqtisadi üstünlüklərdən də məhrum edir. Belə ki, iqtisadiyyat böyük həcmli investisiya - kredit resurslarından məhrum olur, bank sisteminin maliyyə vasitəçiliyi məhdudlaşır. Digər tərəfdən isə, nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi, şəffaflığın aşağı olması və s. kimi problemlərin yaranmasına gətirib çıxarır.

Beynəlxalq təcrübə göstərir ki, nağdsız ödənişlər iqtisadi artıma o zaman effektiv təsir bağışlaya bilər ki, ölkədə müəyyən ödəniş infrastrukturu, istifadə bacarıqları, institusional mühit yaradılsın.

Məhz bu faktorları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında da nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən  “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə tədbirlər planı” işlənib hazırlanmış və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsdiq edilmişdir.

Proqramda maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması nəzərdə  tutulmuşdur.

         Tədbirlər planının 2013-2014-cü illər üçün birinci mərhələsində bank sektoru tərəfindən icrası nəzərdə tutulmuş hissəsi müvəffəqiyyətlə başa çatdırılmış və sonrakı dövrdə icra olunması nəzərdə tutulan tədbirlər üçün stimullaşdırıcı rol oynamışdır. Proqramın icrası zamanı nağdsız ödənişlərin inkişafını şərtləndirən dörd əsas amil: institusional mühit, infrastruktur, təklif və istifadə səviyyəsi nəzərdən keçirilmişdir.

         Belə ki, ilkin mərhələdə infrastruktur imkanlarının genişləndirilməsi prosesi həyata keçirilmiş və milli poçt operatorumuz olan “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə bir neçə bank xidmətinin göstərilməsi imkanları yaradılmış,  muxtar respublikada əhalinin maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilmişdir.

         Bu müddət ərzində ödəniş alətləri infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində olmuşdur. 2014-cü il ərzində əsas ödəniş alətlərindən sayılan  POS-terminalların sayı  460-ı Naxçıvan şəhəri, 407-si isə rayon və kənd yaşayış mərkəzlərində olmaqla 867 ədədə çatdırılmışdır. (2015-ci ilin 1 iyun tarixinə isə bu göstəricilər Naxçıvan şəhərində 479 ədəd, rayonlarda 504 ədəd olmaqla 983 ədəd təşkil edir. Vətəndaşların kommunal xərclərinin ödənişlərinin rahat şəkildə təmin edilməsi məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində 119 ədəd,  Naxçıvanqaz İstehsalat Birliyində 40 ədəd və Naxçıvan Dövlət Energetika Agentliyində 21 ədəd, Naxçıvan Sukanalizasiya Açıq Səhmdar Cəmiyyətində isə 5 ədəd POS-terminal quraşdırılmışdır.) Eyni zamanda kommunal xidmət haqlarının internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları da yaradılmışdır.

         Bundan başqa digər ödənişlərin nağdsız qaydada aparılması məqsədilə müvafiq addımlar atılmışdır. Görülmüş işlər sayəsində muxtar respublika vətəndaşları ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını və gömrük rüsumlarını elektron ödəniş formasında apara bilərlər. Eyni zamanda, bu müddət ərzində dövlət orqanlarının inzibati xərclərini də (təsərrüfat, yanacaq, nümayəndəlik və s.) korporativ kartlar vasitəsilə ödəmələri üçün lazımi şərait yaradılmışdır.

Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş kartlarının sayı da artırılmışdır. Belə ki, bankomatların sayı 53-ü Naxçıvan şəhərində, 39-u isə rayon və kənd yaşayış mərkəzlərində olmaqla 92 ədəd təşkil etmişdir.  Dövlət sektorunda əmək haqlarının nağdsız üsullarla ödənilməsi istiqamətində də işlər davam etdirilmiş və yekunlaşdırılmışdır. Nəticə etibarilə, ödəniş kartlarının sayı  muxtar respublika üzrə 202 min 928 ədədə çatdırılmışdır. (2015-ci ilin 1 iyun tarixinə isə bu göstəricilər Naxçıvan şəhərində 54 ədəd, rayonlarda 41 ədəd olmaqla ümumilikdə 95 ədəd, ödəniş kartlarının sayı isə muxtar respublika üzrə 212 min 214 ədəd təşkil edir.)

Ən sərfəli kredit üçün müraciət et

Proqramın icrasının növbəti mərhələsində isə qeyri-dövlət sektorunda işləyənlərin əmək haqqlarının nağdsız qaydada ödənilməsinin davam etdirilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

 Əlbəttə ki, nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə birgə maarifləndirici tədbirlərin keçirilməsi və institusional mühitin formalaşdırılması da zəruridir. Bu baxımdan tədbirlər planının icrasının ilkin mərhələsində nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin kütləvi təbliği ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında əhali arasında maarifləndirici tədbirlər keçirilmiş, orta və ali təhsil müəssisələrində nağdsız ödəniş vərdişlərini inkişaf etdirən xüsusi məşğələlər təşkil edilmişdir. Bütün bunlarla yanaşı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən ödəniş alətlərinin üstünlükləri ilə bağlı təbliğat materialları mütəmadi olaraq yerli mətbuat, radio və televiziya vasitəsilə əhaliyə çatdırılmışdır.

         Tədbirlər planının əsas tərkib hissələrindən biri də infrastrukturun genişləndirilməsi və maarifləndirici tədbirlərin aparılması ilə yanaşı kart sahibləri arasında stimullaşdırıcı tədbirlərin keçirilməsidir. Bu baxımdan muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müvafiq addımlar atılmışdır. Dövr ərzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları ilə alış-veriş zamanı aparılan əməliyyatlara 5% həcmində güzəştlər tətbiq olunmuşdur.  2014-cü ilin birinci və ikinci yarımilin yekunlarında isə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin birgə aparmış olduqları tədbirlərin nəticəsi olaraq muxtar respublikada nağdsız ödənişlər istiqamətində seçilmiş vətəndaşlara hədiyyələr verilmişdir.

         Əgər 2014-cü ilin yanvar ayında  muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edirdisə, bu göstərici dekabr ayında 1 milyon 780 min manat olmuşdur. Ümumilikdə 2014-cü il ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcminin 12 milyon 513 min manat olması, onu deməyə əsas verir ki, artıq proqramın icrası müvəffəqiyyətlə davam etdirilir.

2015 - ci ilin ilk beş ayı ərzində isə bu göstərici  6 milyon 852 min manat olmuşdur. Halbuki, bu göstərici 2014-cü ilin ilk beş ayı ərzində 2 milyon 955 min manat təşkil edirdi.

Ancaq infrastrukturun genişləndirilməsi, institusional mühitin formalaşdırılması, və stimullaşdırma tədbirlərinin mütəmadi şəkildə aparılmasına baxmayaraq,   hələ də bu sahədə çatışmazlıqların olması özünü büruzə verməkdədir. Buna səbəb isə məhz ictimaiyyətin hələ də nağdsız ödənişlərə tam olaraq üstünlük verməməsindən irəli gəlir. Və hələ də bankomatların qarşısında nağd pul çəkmək üçün növbələrin yarandığını müşahidə etmək mümkündür. Bankomatdan sadəcə nağd pul çəkmək üçün istifadə edən vətəndaşlarımız isə kifayət qədərdir. Halbuki bankomat adlanan bu ödəniş aləti əslində bir çox nağdsız əməliyyatları həyata keçirməyə də imkan verir.

Bütün bu problemlərin həllində ziyalılarımızın da üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətdə hər zaman fikirlərinə böyük rəğbət göstərilən ziyalılarımızın və bu istiqamətdə proqramda üzərinə vəzifə qoyulan bütün digər strukturların birgə fəaliyyəti nəticəsində gələcək müddət ərzində böyük uğurlara nail olmaq mümkündür.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin  qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz Proqramda nəzərdə tutulmuş digər tədbirlərin 2015-ci ildə uğurla davam etdirilməsi və müvəffəqiyyətlə başa çatdırılmasıdır.

Mənbə: Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin mətbuat xidməti

Ən sərfəli krediti almaq üçün müraciət et