"Nağd pul tələblərinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi lazımdır" | Banco.az

"Nağd pul tələblərinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi lazımdır"

Azərbaycanda bankların nağd pul tələblərinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizminə ehtiyacı var.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

““Daşınar əmlakın yüklülüyü haqqında” Qanun qəbul edilərkən nağd pul girov təminatı kimi nəzərdən keçirilməyib. Bizim dəfələrlə müraciətimizdən sonra bu bənddə dəyişiklik edilib, amma indi nağd pul tələbinin girov təminatı tələbi kimi qeydiyyata alınması mexanizmi məsələsi açıq qalır”, - deyə Z.Nuriyev bu gün Bakıda keçirilən seminarda bildirib.

Onun sözlərinə görə, daha bir məsələ nağd pul tələblərinin girov tələbləri kimi yerinə yetirilməsinə gələcəkdə nəzarətlə bağlıdır. "Bu məsələlərin həlli kiçik və orta biznesin kreditlərə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - deyə sədr əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Zakir Nuriyev hesab edir ki, Azərbaycanın bank sektorunda ötən il müşahidə olunan müsbət trendlər 2019-cu ildə də saxlanılacaq. 

"Keçən il Azərbaycanın bank sektoru tədricən bərpa olunub. Bu il vəzifəmiz bu müsbət trendlərin qorunub saxlanılması və inkişaf etdirilməsindən ibarətdir. Hesab edirəm ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yeni mexanizmləri, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təkmilləşdirilməsi, eləcə də əmanətlərin tam sığortalanması müddətinin uzadılması bu vəzifəni yerinə yetirməyə kömək edəcək", - deyə o, bu gün jurnalistlərə bildirib.

Z.Nuriyevin sözlərinə görə, 2019-cu ildə bankların aktivləri və depozit portfeli arta bilər.

İnterfaks-Azərbaycan