Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə əmək bazarında mütəxəssis çatışmazlığı ilə bağlı müzakirələr artmaqdadır. Şirkətlər bacarıqlı kadrları tapmaqda çətinlik çəkir, gənc mütəxəssislər isə uyğun iş imkanları əldə etməkdə maneələrlə qarşılaşırlar.
Bu problem nə ilə bağlıdır və onun həlli yolları varmı? Mövcud vəziyyət ilə bağlı rəqəmsal marketinq üzrə mütəxəssis Kamal Allazov Banco.az-a açıqlama verib.
O bildirib ki, mütəxəssis yetişdirmək, əməkdaşlığa əsaslanan bir prosesdir:
“Effektiv təlim və mentorluq mədəniyyəti, həm gənc kadrların inkişafına, həm də şirkətin uzunmüddətli uğuruna xidmət edir. Bəzi təşkilatlar bunu müvəffəqiyyətlə tətbiq edir və öz daxili potensiallarını dəyərləndirərək gələcəyin liderlərini yetişdirirlər. Bu yanaşma həm işçini, həm də şirkəti inkişaf etdirir. Bir çox hallarda rəhbərlərin təlimçi background-unun olmasına ehtiyac vardır. Düşünürəm ki, real bacarıqlara fokuslanmaq lazımdır.
Diplom və sertifikatlar bir göstəricidir, ancaq praktiki biliklər və real təcrübələr də olduqca önəmlidir. Gənc mütəxəssislərə layihələrdə iştirak etmə imkanı yaratmaq, portfoliolarını inkişaf etdirmək və onların bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq bu istiqamətdə vacib addımlardandır”.
Mütəxəssis qeyd edib ki, dəstəkçi və motivasiyaedici mühit yaratmaq çox vacibdir:
“Uğurla mütəxəssis yetişdirən şirkətlər, motivasiya və peşəkar inkişaf üçün əlverişli mühit yaradanlardır. Bu yanaşma əməkdaşların şirkətə bağlılığını artırmaqla yanaşı, onların potensialını maksimum ortaya çıxarmağına kömək edir. Dəstəkləyici mühit yaratmaq hər kəsin fikrini eşitməkdən, bərabər dərəcədə qiymətləndirməkdən keçir.
Gənc liderlərin yetişdirilməsi, həm təşkilatın inkişafına, həm də yeni ideyaların və yanaşmaların ortaya çıxmasına səbəb olur. Onlara etimad göstərmək, yenilikçi fikirlərin önə çıxması üçün vacibdir. Yaş məhdudiyyətləri əvəzinə bacarıq və potensiala fokuslanmaq daha uğurlu nəticələr verə bilər”.