Müştərilər mobil bankı nə üçün istifadə edirlər? | Banco.az

Müştərilər mobil bankı nə üçün istifadə edirlər?

Son 5 il ərzində mobil industriyasında inanılmaz artım müşahidə olunur. «We Are Social»ın verdiyi statistikaya əsasən 2015-ci ildə mobil cihazlardan aktiv istifadə edənlərin sayı 3,734 milyarda çatıb. Bu rəqəm 2014-cü ilin eyni dövrünə nisbətən 3,4% və ya 124 milyon çoxdur və göründüyü kimi, bundan sonra da dayanmadan artacaq. Belə bir tendensiya sözsüz ki, şirkətlərin marketinq strategiyasına öz təsirini göstərməyə bilməz. Mövcud müştərilərin loyallığını artırmaq, yeni müştəriləri cəlb etmək üçün şirkətlər öz mobil imkanlarını genişləndirmək üçün aramsız səy göstərir. Bank sektorunun bu siyahının başında yer alması isə heç bir şübhə doğurmur.

Maliyyə bazarı ciddi rəqabət şəraitində fəaliyyət göstərdiyinə görə bank üçün hər bir müştəri çox dəyərlidir. Banklar öz müştəri bazalarını qoruyub genişləndirmək üçün əllərindən gələni etməyə çalışır. Bu halda uzaqdan xidmət kanalların inkişaf etdirilməsi onlar üçün ən vacib vəzifələrdən birinə çevrilir. Məsələn, Rusiyada «Тинькофф» və «Рокетбанк» bank xidmətlərini yalnız onlayn rejimdə göstərməyi qərara almaqla əhali arasında böyük populyarlıq qazana bilib. Onlayn xidmətlər arasında isə xüsusi yeri mobil bankçılıq tutur.

mobil bankçılıq

Mobil bank nədir?

Mobil bank mobil qurğular vasitəsilə bank müəssisəsinin müştərilərə göstərdiyi maliyyə xidmətlərinin kompleksidir.

Mobil bankçılıq istifadəçilərə:

– kartla aparılan bütün tranzaksiyalar barədə məlumat almaq,
– kart hesablarında, eləcə də cari, depozit, ya da kredit hesablarındakı qalıq (qalan borc), habelə aparılmış əməliyyatlar barədə məlumat əldə etmək,
– banka getmədən müxtəlif ödənişlər həyata keçirmək,
– bir kartdan digərinə pul vəsaitləri köçürmək,
– kart itirildikdə və digər fors-major vəziyyətlərdə kartın istifadəsini bloklaşdırmaq,
– bankın məlumat və ya reklam xarakterli materialları ilə tanış olmaq.

Habelə uzaqdan göstərilən digər xidmətlərdən faydalanmaq imkanı yaradır. Qeyd edək ki, mobil bank xidmətlərinin imkanları müxtəlif banklarda daha geniş və ya nisbətən məhdud ola bilər.

Mobil bankdan faydalanan müştəri:

– Vaxta qənaət edir,
– Evdən və ya ofisdən çıxmadan, ya da səyahət edərkən bank əməliyyatları həyata keçirir,
– Maliyyə vəsaiti ilə bağlı əməliyyatları rahat mühitdə apara bilir,
– Şəxsi məlumatlarını daha etibarlı şəkildə qoruya bilir.

Mobil bankçılıq sayəsində banklar:

– Şöbə və filialların müştəri trafikini azaldır, uzun növbə və izdiham hallarını aradan qaldırır,
– Ofis və əməliyyat xərclərini azaldır,
– Əməkdaşların iş vaxtına qənaət edib onlardan daha səmərəli faydalanır,
– Müştərilər üçün daha rahat mühit yaradır,
– Xidmətləri daha tez və çevik göstərir,
– Yeniliklər barədə müştəriləri birbaşa xəbərdar edir,
– Nəticədə mövcud müştərilərin daha çox loyallığını qazanır,
– Yeni müştərilər cəlb edir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər mobil bankı nə üçün istifadə edirlər?

ABŞ-da əhalinin 55%-i mobil bankdan həftədə azı 2-3 dəfə, 26%-i isə həftədə 4 dəfədən çox istifadə edir. Onlar ən çox aşağıdakı xidmətlərdən yararlanırlar:

– Hesabda qalığın və son əməliyyətların yoxlanılması.
– Hesabdan hesaba, kartdan karta pul köçürməsi.
– Digər şəxslərə pul köçürməsi.
– Telekom xidmətlərinə görə ödənişlər.
– Kommunal xərclərinin ödənişi.
– Bankomatların axtarışı.

Mobil bankçılıq 2015-ci ildə hansı istiqamətlərdə irəliləyir?

İyunun 15-də Mobile Ecosystem Forum (MEF) mobil ödənişlər bazarının vəziyyəti barədə hesabat təqdim edib. Hesabatı hazırlamaq üçün dünyanın 15 ölkəsində 15 minə yaxın istifadəçi sorğulanıb. Statistika göstərib ki, mobil kommersiya və mobil bankçılıq olduqca böyük rəğbət görən sahəyə çevrilib. Respondentlərin 66%-i mobil ödəniş imkanlarından istifadə etdiyini, 69%-i isə mobil cihaz vasitəsilə bank əməliyyatları keçirdiyini təsdiq edib.

MEF mobil ödəniş sistemi və mobil bankçılıqla bağlı belə nəticələrə gəlib:

– Ticarət Mərkəzləri və mağazaların kassalarında mobil ödənişlərin payı qat-qat artacaq. Son yarım il ərzində istifadəçilərin təxminən 12%-i ödənişləri smartfon vasitəsi ilə aparıb. Bunların 7%-i ödənişi satıcının mobil terminalı (mPOS), 4%-i isə NFC çipi vasitəsilə aparıb.
– Bəzi istehlakçılar mobil pul kisəsində heç bir fayda görmürlər. Mobil kommersiya barədə respondetnlərin 18%-i heç eşitməyib, 15%-i isə bunu lazımsız bir alət hesab edir.
– Mobil telefon istifadəçilərinin 24%-i, smartfon istifadəçilərin isə 15%-i mobil kommersiyanı sosial şəbəkələr üzərindən həyata keçirir.
– Respondentlərin 34%-i mobil ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır.
– Respondentlərin 56%-i alış-verişlərini satıcı saytlarının mobil versiyalarında edir.
– Sorğu iştirakçılarının 58%-i məhsulu almamışdan qabaq onun haqqında telefon vasitəsi ilə məlumat axtarır.
– Bank əməliyyatlarına gəldikdə, respondentlərin 69%-i bank xidmətlərinin mobil versiyasından mütəmadi istifadə edir. Respondentlərin 28%-i mobil bankçılıq xidməti ilə öz balansını yoxlayır, 18%-i hesablararası əməliyyatlar aparır, 16%-i pul köçürmələri həyata keçirir, 9%-i isə kredit götürür.
– Mobil cihaz istehsalçıları məhsullarına barmaq izi skanerini əlavə etməyə başlamaqla mobil alış-verişi daha da sadələşdirmək, eyni zamanda təhlükəsizliyini artırmaq üçün mühüm addım atıb.

Yuxarıdakı statistika göstərir ki, dünya mobil olmaq istiqamətində inkişaf edir. Banklar da öz növbəsində ildən ilə “mobilləşmək” üçün daha böyük səy göstərir. Bəs Azərbaycanda mobil bankçılığın vəziyyəti necədir?

 

Müəllif: Samir Kərimov

Davamı... 

Ən sərfəli krediti almaq üçün müraciət et