İnsanların bir-biri ilə ünsiyyətində təməl faktorlardan biri özünü təqdim etmədir. İnsan sirli qutudur. Bu qutunu açmaq, özünüzü başqalarına necə təqdim etmək insanın özündən asılıdır. Siz əksəriyyətinin sahib olmadığı peşəkar davranış və qabiliyyətlərə sahib ola bilərsiniz. Çox maraqlı və fərqli düşüncələrə sahib insan ola bilərsiniz. Amma özünüzü təqdim etmə bacarığınız yoxdursa, demək olar ki, sahib olduğunuz davranış və qabiliyyətlərin də bir anlamı yoxdur. İlkin görüşdə siz, sözlər və hərəkətləriniz ilə özünüzü necə təqdim edirsinizsə insanlar da sizi elə tanıyır.
Ümumiyyətlə insan həyatında, xüsusilə də iş həyatında özünü təqdim etmə bacarıqları çox önəmlidir. Bugün iş həyatında- müsahibələrdə tez-tez özünü təqdimetmə bacarıqları ilə bağlı müsahibələr aparılır. İlk baxışda insanın özü haqqında danışması nə qədər sadə görünsə də, əslində göründüyü kimi sadə deyildir. Çünki, burda əsas məqsəd özünüz haqqınızda hansı məlumatların, hansı ardıcıllığla, nə zaman və hansı mimika, jestlər və səs tonu ilə danışmağınız önəmlidir. Unutmamaq lazımdır ki, istər şəxsi tanışlıq, istərsə də iş həyatında müsahibələr zamanı ilkin təqdimat zamanı özünüzü təqdim etdiyiniz kimi yaddaşda qalırsınız. Sonradan bunu dəyişmək mümkün olsa da, çox çətindir.
Yaxşı təqdimat bacarıqları yaxşı reklam deməkdir. Daha öncə də qeyd etdiyimiz ki, hansı ki biz insanların beynində ilk onlarda formalaşdırdığımız fikirlərlə qalırıq. Əksəriyyətimiz müəyyən tanışlıqlardan sonra öz-özümüzə deyirik filankəs maraqlı insandır, filankəs savadlı insan olsa da özünü təqdim edə bilmir.
Aşağıdakı tövsiyyələr özünü təqdim etmə zamanı həyatınızda, xüsusilə də iş müsahibələrində köməyinizə gələ bilər:
İşgüzar nitq üslubunu seçin. Həyəcanınızı nəzarət altında saxlamaq və səlis nitqiniz özünü təqdimat zamanı uğurlu başlanğıcın təməlini qoyacaq. Müsahibə aparanlar içərisində sizin şəxsi tanışınız olsa belə işgüzar ünsiyyət formasndan istifadə edin.
Bədən dilindən istifadə edin.Özünü təqdimat dedidkə yalnız danışıq deyil, eyni zamanda bədən dilindən istifadə edin. Elmi araşdırmalara görə sübut olunmuşdur ki, bir mesajın 7%-ni şifahi , 38%-ni səs (səs tonu, səsin yüksəlib alçalması və digər), qalan 55%-ni isə bədən dili təşkil edir. Odur ki, nə danışdığınızla bərabər hansı hərəkətləri etdiyiniz və səs tonunuz da çox önəmlidir.
Özünü təqdimat zamanı sizdən hansı məlumatların gözlənildiyini təxmin edin. Daha çox danışmaq, daha yaxşı tanınmaq demək deyil. Ona görə də, qısa və dolğun danışmağa cəhd edin. Müsahibənin gedişatına əsasən hansı məlumatları deməyin sizin lehinizə olacağını təxmin edin və sizdən gözlənilən məlumatları verin.
Keçmişdə həyata keçirdiyiniz uğurlu layihələrinizi xatırladın. Hansı ki, bu layihələr vasitəsilə siz, gənc yaşlarınızdan müəyyən mənada öz sözünüzü demisiz. Bu, sizin məktəb və ya tələbəlik illərinizdə və ya keçmiş işinizdə həyata keçirdiyiniz hər hansı uğurlu bir layihə və ya təşəbbüs ola bilər.
Gələcək planlarınız haqqında danışın. Gələcək planlarınızın olması sizin hədəflərə bağlı insan olduğunuzu göstərir, lakin bu planların da hansı məzmunda olması daha çox önəmlidir.
Unutmayın ki, müsahibə prosesində özünü təqdimat zamanı çox da səmimi olmaq, eyni zamanda daha çox məlumatların verilməsi sizin xeyrinizə olamaya bilər. Ona görə də, işinizə yarayacaq daha dolğun məlumatlar və uğurlarınız haqqında bəhs etməyə çalışın.
Nüsrət XƏLİLOV, banco.az