“Muğan Bank”niyə bağlandı? | Banco.az

“Muğan Bank”niyə bağlandı?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Oktyabrın 18-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Banco.az-ın məlumatına görə, lisenziyası ləğv edilən bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.

Mərkəzi Bankın bu qərarı barədə Banco.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, 2022-ci ilin maliyyə hesabatında problemləri olan “Muğan Bank”a auditorlar da  tam təminat verməmişdilər.

“Mərkəzi Bankın qərarına əsas kimi məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığı göstərilib. Güman edirəm ki, Mərkəzi Bankın dediyi məsələlər doğrudur. Bankın hesabatlarına da baxanda hazırkı qərarın veriləcəyini güman etmək olardı. Amma burada bir nüans var. Mərkəzi Bank bu bankı sağlamlaşdırmaqdansa ləğv etməyə üstünlük verdi. Görünən odur ki,  Mərkəzi Bankın indiki rəhbərliyi bankların nazı ilə çox oynamaq fikrində deyil və indiki məqamda bank sektorunun daha da sağlamlaşdırılması istiqamətində addımlar atmaqda qərarlıdır”.

“Muğan Bank”ın sektor üçün ciddi təhlükə yaratmadığını ifadə edən Xalid Kərimli xatırlatdı ki, bankın əmanətçilərinin 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Bəs bankın müştərilərinin hesablarında olan vəsaitlərlə bağlı hansı qərar veriləcək?

Bu suala cavab olaraq ekspert vurğuladı ki, sığortalanmamış pulların geri götürülməsi bir qədər çətin olacaq.

Ən sərfəli kredit üçün müraciət et

 “Banklar Məcəlləsinə görə, müflisləşmə baş verərsə ilk olaraq inzibatçı, yəni Əmanətlərin Sığortalanması Fondunun vətəndaşlara ödəyəcəyi vəsaitlər geri qaytarılmalıdır. Bu isə o deməkdir ki, bankın bütün likvid resursları ödənilmiş depozitlərə istiqamətləndiriləcək”.

Xalid Kərimli vacib bir məqama da toxunaraq qeyd etdi ki, 17 may 2023-cü ildə lisenziyası ləğv edilən “Günay Bank” ASC-dən sonra  “Muğam Bank”ın bağlanması ilə şirkətlər nisbətən kiçik və etibarsız hesab edə biləcəkləri banklarla işləməkdən ehtiyat edəcəklər.

“Çünki hər an bu cür narahatlıqlar və problemlərin ortaya çıxa biləcəyi riski yaranır. Bu qorxu nəticəsində şirkətlər məcburi daha iri banklara yönələcəklər. Mərkəzi Bank ciddi riskləri olmayan kiçik banklara qarşı sərt addımlar atmaqda qərarlıdır. Ona görə də müştərilər getdikcə daha böyük banklarla işləməklə risklərdən sığortalanmış olacaqlar. Çünki hesab edəcəklər ki, Mərkəzi Bank böyük banklara problemlər yaranacağı təqdirdə kömək etməyə çalışacaq. Yaranmış vəziyyət isə  bank sektorunda təmərküzləşmənin sürətlənməsinə gətirib çıxaracaq ”,- deyə Xalid Kərimli fikrini yekunlaşdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et