"Muğan Bank"ın notarius hesablarındakı pullar qaytarılacaqmı? | Banco.az

"Muğan Bank"ın notarius hesablarındakı pullar qaytarılacaqmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğan Bank"ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, "Muğan Bank" tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. Bildirilib ki, yaxın zamanlarda əmanətlərin geri qaytarılmasına başlanılacaq. Digər bir məsələ isə notarius hesablarındakı pullarla bağlıdır. 

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov mövzunu şərh edib:

"Monitorinqlər göstərir ki, "Muğan Bank" notariuslar ilə daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq, bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir.

Daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır. Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi. Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir".

Bəs bu halda vətəndaş nə etməlidir?

İqtisadçının sözlərinə görə, qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir: "Bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz".

Qeyd edək ki, "Muğan Bank"ın cari ilin III rübünə olan maliyyə göstəriciləri ilə linklərə keçid edərək tanış ola bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et