“Muğan Bank”dan sonra növbədə hansı bankdır? | Banco.az

“Muğan Bank”dan sonra növbədə hansı bankdır?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycan bank sektorunda 24 bankın içərisində “Muğan Bank” ən zəiflərdən idi və onun  bağlanması gözlənilən bir addım oldu”.

Bu fikirləri Banco.az-a iqtisadçı ekspert Pərviz Heydərov deyib.  Lisenziyası ləğv edilən bankın fəaliyyət dairəsinin olduqca dar çərçivədə olduğunu vurğulayan ekspert bildirdi ki, “Muğan Bank”ın ölkənin bank sektoru üçün əhəmiyyəti sıfır həddində idi:

“Ümumiyyətlə, “Muğan Bank”ın və onun kimi digər bu kimi bankların lisenziyalarının Mərkəzi Bank tərəfindən geri alınması gözlənilən bir məsələdir. Banka  yerləşdirilən əmanətlərlə bağlı indiyədək bağlanan banklarda olduğu kimi heç bir ciddi təhlükə yoxdur. Müvafiq qanunvericiliyə əsasən Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi qaydaya uyğun olaraq “Muğan Bank”a yerləşdirilən əmanətlərin 100, 000 manata qədəri milli valyutada 12 faizdən, xarici valyutada isə 2.5 faizdən  əmanətçilərə qaytarılacaqdır.  Bu günə qədər bağlanan bankların heç birində  əhalinin tələb olunan qaydada yerləşdirdikləri əmanətləri batmayıb. Ona görə də bu barədə narahatçılığa heç bir ehtiyac yoxdur”.

Qarşıdakı vaxtlarda “Muğan Bank”dan sonra hansı bankın bağlanacağı məsələsinə münasibət bildirən Pərviz Heydərov  qeyd etdi ki, Mərkəzi Bankın səlahiyyətində olan bu məsələni öncədən proqnozlaşdırmaq  mümkün olmasa da, bank sektorunda  dar çərçivədə olan belə banklar çoxdur:

Ən sərfəli kredit üçün müraciət et

“Amma çıxış yolu kimi bu bankların hamısını bağlamaq düzgün çıxış yolu  deyil. Belə bankların mövcud vəziyyəti ətraflı təhlil edilməli və mümkün çərçivədə onlara müvafiq dəstək həyata keçirilməlidir. Hesab edirəm ki, bu bir müddət öncə bağlanan “Günay Bank”a aid olmasa da, yerdə qalan digər bu kimi banklara yanaşmada nəzərə alınmalıdır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram