"Morgan Stanley": Avropada dizel çatışmazlığı daha da dərinləşəcək | Banco.az

"Morgan Stanley": Avropada dizel çatışmazlığı daha da dərinləşəcək

Müəllif:Mehin Qasımova,Banco.az

"Morgan Stanley" analitikləri Avropada eyni vaxtda yaranan təchizat problemlərinin dizel bazarında gərginliyi artırdığını və ilin sonuna doğru ehtiyatların son illərin ən aşağı səviyyəsinə enə biləcəyini bildiriblər.

Banco.az xəbər verir ki, Bankın analitikləri Martijn Ratsın rəhbərliyi ilə hazırlanan hesabatda qeyd ediblər ki, Avropada dizel bazarında vəziyyət olduqca gərgindir. Proqnoza görə, dizel ehtiyatları ilin sonuna qədər son illərdə qeydə alınan ən aşağı səviyyələrdən birinə düşəcək.

Analitiklər bildiriblər ki, hazırda əsas problem xam neft qıtlığı deyil, neft emalı güclərinin məhdud olmasıdır. Onların fikrincə, bu vəziyyətin mərkəzində isə Avropa dizel bazarı dayanır.

Hesabatda ABŞ-İran gərginliyi, Hörmüz boğazında mümkün fasilələr, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları və Rusiyanın dizel ixracına qoyduğu məhdudiyyətlərin bazara təzyiq göstərdiyi vurğulanıb.

Morgan Stanley qeyd edir ki, Şimal-Qərbi Avropada dizel emalı zavodlarının mənfəəti rekord həddə çatıb. Bankın proqnozuna görə, bölgədə dizel ehtiyatları avqust ayından etibarən azalmağa davam edəcək və noyabr ayında təxminən 299 milyon barelə enəcək. Bu, 2015-ci ildən bəri ilin həmin dövrü üçün ən aşağı göstərici olacaq.

Analitiklər həmçinin Çində istehsalın zəifləməsinin qlobal dizel təklifini azaltdığını bildiriblər. Qeyd olunub ki, Çin Avropaya birbaşa dizel ixrac etməsə də, istehsalın azalması qlobal bazarda qərbə yönələn məhsul axınını zəiflədir.

Morgan Stanley investorlara xəbərdarlıq edərək bildirib ki, bazardakı mövcud gərginlik artıq qiymətlərdə öz əksini tapıb və hazırkı səviyyələrdən əlavə qazanc gözləntiləri ilə bazara daxil olmaq riskli ola bilər.

Son məlumata görə, Avropa dizel fyuçerslərinin qiyməti 3,5 faiz artaraq bir ton üçün 1 219,5 dollara yüksəlib və mayın 20-dən bəri ən yüksək səviyyəyə çatıb.