Müəllif: Tamara Mustafayeva, Banco.az
"Moody's" Fransadakı seçki nəticələrinin ölkənin kredit reytinqinə mənfi təsir göstərəcəyini iddia edib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi "Moody's" Fransadakı seçki nəticələrinin ölkənin kredit reytinqinə mənfi təsir göstərdiyini bəyan edib.
Məlum olduğu kimi, Fransada birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçirilən növbədənkənar ümumi seçkilər dörd sol partiyanın yaratdığı Yeni Xalq Cəbhəsinin qələbəsi ilə nəticələnib. Bu nəticələrlə heç bir partiya və ya ittifaq cəmi 577 deputatın fəaliyyət göstərəcəyi parlamentdə hökuməti qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.
"Moody's"in bəyanatında Fransada Yeni Xalq Cəbhəsinin qələbəsindən sonra yaradılacaq böyük koalisiyanın qərar qəbul etmə və borcların azaldılması işini daha da çətinləşdirəcəyi bildirilib.
"Hər hansı gələcək hökumətin üzləşəcəyi məhdudiyyətləri nəzərə alaraq, 2025-ci ildə xərclərə əsaslanan maliyyə konsolidasiyasını görməyəcəyik", bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, hazırda Fransada vergi gəlirlərinin ÜDM-ə nisbəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (İƏİT) ən yüksək göstərici olduğundan, ölkənin vergiləri daha da artırması ehtimalı azdır. Bu səbəbdən də seçkinin nəticələri ölkənin kredit reytinqi üçün uğursuz sayıla bilər. Bununla da büdcə kəsiri və borc rəqəmlərinin proqnozlardan əhəmiyyətli dərəcədə yüksək olması halında Fransanın kredit reytinqinin proqnozunun "mənfi"yə düşə biləcəyinə diqqət çəkilib.
Bizi sosial şəbəkələrdən izləyin!!