MONEYVAL Komitəsi Azərbaycanın 5-ci raund qiymətləndirilməsinin yekun hesabatını dərc edib | Banco.az

MONEYVAL Komitəsi Azərbaycanın 5-ci raund qiymətləndirilməsinin yekun hesabatını dərc edib

Cari ilin 12 fevral tarixində Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatını dərc edib. Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsinin nəticələri təqdim olunur. 

Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun ƏL/TMM sahəsində 2015-2023- cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib. 

MONEYVAL bildirib ki, Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bəri ölkə ƏL/TMM üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş və effektiv mübarizə sistemini tətbiq etməyə başlamışdır. Hesabatda ölkənin effektivlik göstəriciləri əsas etibarilə yüksək və uğurlu qiymətləndirilib. 

Qiymətləndirmə hesabatında Azərbaycanda müvafiq qurumların ƏL/TM risklərini yaxşı başa düşdüyü, terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi  və hüquq-mühafizə orqanları  ilə operativ məlumat mübadiləsi müsbət qiymətləndirilib.

Hesabatda həmçinin, hüquq-mühafizə orqanlarının ƏL/TM və əsas hüquqpozmalarla əlaqəli sübutların müəyyən edilməsi və cinayətdən əldə edilən gəlirlərin izlənilməsi üçün istifadə olunan maliyyə kəşfiyyatı və digər məlumat bazalarına çıxışa malik olması müsbət hal kimi dəyərləndirilib. Bununla belə, ölkədaxili əməkdaşlığın daha da gücləndirilməsi və ümumilikdə ƏL/TMM sisteminin təkmilləşdirilməsi, habelə müasir standartlara çatdırılması istiqamətində addımların atılması tövsiyə olunub.

5-ci raund qiymətləndirmənin sonrakı prosedurlarına uyğun olaraq, ƏL/TMM  sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilmiş tərəqqi barədə MONEYVAL-a vaxtaşırı hesabat verəcək. 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş  Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsinə əsasən ƏL/TMM sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi funksiyalarını Maliyyə Monitorinqi Xidməti icra edir.  Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına və bu məqsədlərlə koordinasiya mexanizminin yaradılmasına dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Katiblik funksiyalarını Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilən Koordinasiya Şurası yaradıldı. Koordinasiya Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsinə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə gördüyü tədbirlər sayəsində bu nəticəyə nail olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan,  Xorvatiya, Cəbəllütariq, Albaniya, Malta, Serbiya) bir il ərzində nöqsanları qaldıra bilmədiyi üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib. Belə ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır.

Azərbaycanın bu nailiyyəti ölkədə aparılan islahatlar, şəffaf maliyyə sisteminin qurulması, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram