“Moderna”nın xərçəng peyvəndi xəbəri səhmlərini sürətlə bahalaşdırıb | Banco.az

“Moderna”nın xərçəng peyvəndi xəbəri səhmlərini sürətlə bahalaşdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moderna”nın xərçəng peyvəndi xəbəri səhmlərini sürətlə bahalaşdırıb.

Banco.az xəbər verir ki, “Moderna” və “Merck”in dəri xərçənginə qarşı peyvəndin hazırlanmasında mühüm mərhələni geridə qoyduğu bildirilib.

İki tərəfdaş şirkətin birgə açıqlamasında “intismeran autogene” adlı fərdiləşdirilmiş mRNT peyvəndinin “Merck”in immun sisteminə təsir edən “Keytruda” dərmanı ilə birlikdə istifadə edildikdə melanoma xəstəliyinin təkrarlanma hallarının azaldılması üzrə əsas məqsədə çatdığı bildirilib.

Tədqiqat həmçinin peyvəndin şişlərin bədənin müxtəlif nahiyələrinə yayılmasının qarşısını almağa kömək etdiyini göstərən ikinci dərəcəli məqsədə də uğurla nail olduğunu ortaya qoyub. COVID-19 peyvəndlərində istifadə olunan mRNT texnologiyası əsasında hazırlanan bu müalicə üsulu cərrahi müdaxilə ilə şişləri çıxarılmış xəstələr üçün fərdi şəkildə hazırlanır və hər bir inyeksiya xəstənin öz şişindəki mutasiyalara uyğun olaraq dizayn edilir.

Nəticələrin açıqlanmasından sonra Nyu-York fond birjasında ilkin ticarət zamanı “Moderna”nın səhmləri 100 faizdən çox bahalaşıb.

“Moderna”nın baş icraçı direktoru Stefan Bansel əldə olunan nəticələrin mRNT elmi baxımından fövqəladə əhəmiyyətli mərhələ olduğunu vurğulayaraq, tənzimləyici qurumların araşdırma prosesindən asılı olaraq məhsulun ən erkən 2027-ci ildə təsdiqlənə biləcəyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram