Minimum əməkhaqqı vergidən azad ola bilər – AÇIQLAMA | Banco.az

Minimum əməkhaqqı vergidən azad ola bilər – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

 “Hazırda minimum maaş 345 manatdır, vergi güzəştləri isə 200 manata qədər tətbiq olunur. Eyni zamanda, minimum əməkhaqqı məbləğinin gələn ildən yenidən artırılması nəzərdə tutulub ki, bu da olduqca müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir”.
Banco.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki,  bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad oluna bilər.

“Düşünürəm ki, vergidən azadolmalar 200 manat deyil, minimum maaş məbləği ilə hesablansın. Nəticədə bu minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan yaradacaq və real maaş məbləği yüksələcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, dövlət və neft sektorunda çalışan nisbətən daha yüksək maaş alan vətəndaşlarımız üçün də vergi məbləği bu qədər azalacaq və nəticədə onların da əmək haqqlarının artmasına gətirib çıxaracaq”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd edib ki, həmin əməkhaqqının vergidən azad edilməsi onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir.

Xatırladaq ki, bir müddət öncə  büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, 2025-ci ilin dövlət büdcəsində minimum əmək haqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı nəzərdə tutulub.

Nazir bildirib ki, sosial xərclərə cari illə müqayisədə 8,8 % çox vəsait ayrılacaq:

“Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır”.