Milyonçu-xeyriyyəçi Ağabala Quliyev haqqında | Banco.az

Milyonçu-xeyriyyəçi Ağabala Quliyev haqqında

1908-ci il martın 30-da Stavropolda çıxan “Yuq” qəzetində belə bir xəbər dərc olunmuşdu: “Şəhərimizdə ən müasir texnikayla işləyən dəyirman istifadəyə verilmişdir.

Mühəndis Savitskinin layihəsi əsasında tikilmiş bu dəyirmanın illik istehsal gücü 500 min puddur. Dəyirmanın dəyəri isə 352000 rubl təşkil edir”.

108 il əvvəl 352 min rubl fantastik rəqəm sayılırdı. Və Rusiyanın ucqarında adi dəyirmana bu qədər, indiki dillə desək investisiya qoyulması çoxlarını təəccübləndirmişdi. Çoxları hesab edirdi ki, bu adam kimdirsə, dəli olub, bu qədər pulu göyə sovurub. Amma sonradan məlum olacaqdı ki, Stavropol kimi ucsuz-bucaqsız zəmilərə malik bir quberniyada belə bir dəyirmanını tikilməsi ağılsızlıq yox, uzaqgörən bir addım imiş. Keşləli Hacıqulunun oğlu nə elədiyini yaxşı bilirmiş…

***
1862-ci ildə Bakının Keşlə kəndində, yoxsul bir ailədə anadan olmuşdu Ağabala. Atası Hacıqulu aftafa düzəldib satar, ailəsini də elə bununla dolandırarmış. Ağabala Hacıqulunun böyük oğlu idi. 7-8 yaşından da bazarda işləməyə başlayır Ağabala. Anasının bişirdiyi qutabları bazarda satarmış.

Bir qədər də böyüyəndən sonra atası onu fəhləliyə düzəldir. Tatausovun dəyirmanında fəhlə işləməyə başlayır. Gündə az qala 14 saat işləyən bu yeniyetmə qısa zamanda sahibkarın etimadını qazanır. 16 yaşlı Ağabala sex müdiri təyin edilir. Sex müdiri işlədiyi dövrdə isə əməkhaqqını qəpik-qəpik yığaraq normal sərmayə toplaya bilir. 4 ildən sonra isə Ağabala xozeyinin yanına gələrək ondan ayrılacağını deyir. Məlum olur ki, Ağabala Quliyev elə doğulduğu Keşlədəcə köhnə bir dəyirman almaq istəyir.
Və alır da…

***
Dəyirmanı işə salmaq, rəqabətə davam gətirmək onun üçün asan olmur. Amma o, bunu bacarır. Köhnə avadanlıqları yenisi ilə əvəz edir, Bakı yəhudilərinin birindən sələmlə pul götürərək təzə texnika alır. Gecə-gündüz işləyir. Qısa müddətdən sonra Almaniyadan belə, texnika gətirdir. Dəyirmanının fəaliyyətini genişləndirir. Və günlərin bir günü məlum olur ki… Ağabalanın dəyirmanının üyütdüyü una o qədər böyük tələbat var ki, o dövrün milyonçuları olan Sadıxovların, Tağıyevin, Qlaz qardaşlarının dəyirmanları həm gücünə, həm də keyfiyyətinə görə onunkundan geri qalır. Vur-tut iki ildən sonra isə o da məlum olur ki, Bakıda bu sahədə onunla rəqabətə girə biləcək bir nəfər var: bu da Skobelevlərdi. Amma az sonra Skoblelər də onunla rəqabətə davam gətirə bilməyəcəkdi, Quliyev nəinki Bakının, bütün Qafqazın un kralına çevriləcəkdi. Bakıda, Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandıracaqdı.

O, Rusiyanın taxıl istehsal edən regionları ilə daima əlaqədə idi. Rostov, Krasnodar, Stavropol diyarlarından vaqonlarla taxıl gətirdər, dəyirmanlarının bircə saat da dayanmasına imkan verməzdi.

***
Quliyevin sərvəti günü-gündən artırdı. Amma maraqlısı budur ki, o, digər Bakı milyonçuları kimi dəbdəbəli binalar tikdirməzdi. Bakıda onun yaşadığı bircə dəbdəbəli bina vardı: Keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsi, 24 ünvanında yerləşən bina indi də Bakıya gözəllik verir.
Quliyev, əksinə, xeyriyyə məsələlərinə daha çox diqqət ayırırdı. Milyonçu 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin yaradıcılarından olub.

Ən sərfəli kredit üçün müraciət et

1916-cı ildə Bakıda baş vermiş məşhur “Qadın qiyamı”ndan sonra onunu fabrikləri əhaliyə havayı un və un məmulatları paylayırdı. Bundan başqa, Bakıdan Batuma neft kəməri çəkilməsi məsələsi meydana çıxanda da necə deyərlər, sinəsini qabağa verənlərdən biri məhz Ağabala Quliyev idi.

Ağabala Quliyevlə bağlı bir maraqlı məqam. 1914-cü il Birinci Dünya Müharibəsində baş vermiş məşhur Sarıqamış əməliyyatında Osmanlı Türkiyəsinin 9-cu korpusu mühasirəyə düşmüşdü. Rus ordusu 40 min əsgər və zabiti əsir almışdı. Onların böyük hissəsi Bakıya gətirilmişdi. Əsirlər, əsasən zabitlər isə Nargin adasında saxlanılırdı. Məhz Ağabala Quliyevin səyi nəticəsində onlarla türk zabit Nargindən qaçırılmış, gəmiylə Astaraya gətirilərək oradan Osmanlı Türkiyəsinin İrandakı konsulluğuna təhvil verilmişdi. Bu sirli qaçışın necə həyata keçirildiyi indiyədək məlum deyil.

Milyonçunun ictimai-siyasi fəaliyyəti isə necə deyərlər, o qədər də ürəkaçan olmayıb. O, 1905-ci ildən “Rus xalqının ittifaqı” adlı qaragüruhçu təşkilatın üzvü idi. Elə ADR dövründə də cümhuriyyətə qarşı da qərəzli mövqedəydi. 1919-cu ildə nəşr olunan “Azərbaycan” qəzetinin fevral saylarının birində yazılırdı: “Ağabala Quliyev demokratik respublikanın əleyhinə danışdığına və Denikinin ordusunun tərəfdarı kimi özünü göstərdiyinə görə, camaat tərəfindən təhqir olunmuş və polis tərəfindən həbs olunaraq hətta bir-neçə ay qazamatda da qalmışdı. Onun belə hərəkəti camaatın böyük nifrətinə səbəb olmuşdu”.

Bu yerdə bir maraqlı faktı da deyək, keçək qəhrəmanımızın şəxsi həyatına. Tanınmış Molla Nəsrəddinçi rəssam Əzim Əzimzadə məhz Quliyevin dəyirmanlarında çalışıb, fəhlə kimi təbii. Sonradan onun istedadını görən milyonçu Əzimzadənin rəssam kimi fəaliyyət göstərməsinə şərait yaradıb, ona təqaüd ayırıb.

***

Ağabalanın üç qızı və bir oğlu olub. Oğlu Ağa İsmayıl, qızları Rübabə, Səriyyə və Sara xanım.

1920-ci ilin martında milyonçu həbsdən çıxıb İrana gedir. O, İranda olarkən bolşeviklər Bakını işğal edir. Quliyevin də mülkləri müsadirə olunur, ev-eşiyi talan edilir, arvad-uşaqları çölə atılır. Quliyev arvad-uşağını zülmlə Bakıdan çıxara bilir. Milyonçu arvadı və uşaqları cır-cındır paltarda Tiflisə gedirlər. Oradan İrana, İrandan isə Türkiyəyə keçirlər. Qızları Sara və Rübabəni İstanbulda kollecə düzəldir, onlara yaxşı təhsil verir. Qızlar elə İstanbuldaca ərə gedir. Oğlu Ağaismayıl gənc yaşında vəfat edir. Özü…

Özünün isə nə vaxt və harada vəfat etməsi barədə xəbər yoxdu. Bircə o məlumdur ki, Təbrizdə sərgərdan vəziyyətdə dünyasını dəyişib.

bizplus.az