Milyarder “sosial sınaq” çərçivəsində abunəçilərinə 9 milyon dollar verir | Banco.az

Milyarder “sosial sınaq” çərçivəsində abunəçilərinə 9 milyon dollar verir

“SpaceX”in ilk kosmik turisti olmağa hazırlaşan milyarder Yusaku Maedzava “Twitter” izləyiciləri arasında 9 milyon dollar uduşa söz verdi. “Reuters” yazır ki, zəngin yapon araşdırma aparmaq və pulun qalibləri nə dərəcədə xoşbəxt edəcəyini öyrənmək istəyir.

Maedzava 1000 abunəçiyə 1 milyon iena (9000 dollar) verəcək. Şanslılar təsadüfi olaraq yanvarın 1-də yayımladığı mesajı yenidən paylaşanların arasından seçiləcəklər. “Reuters” qeyd edir ki, pulun onu qazananların həyatına təsiri mütəmadi sorğular vasitəsilə izləniləcək. Agentlik Maedzavanın sözlərini bildirərək “bu, ciddi bir sosial təcrübədir" deyib, eləcə də alimlərin və iqtisadçıların marağını cəlb edəcəyinə ümid etdiyini vurğulayıb.

Maedzava tez-tez pulun istifadə olunmayacağı bir dünya haqqında danışır. Sözsüz, o, baza gəlir ideyası ilə maraqlanan izləyicilərinə, bölgələrdə işləyən və ya işləməyən vətəndaşlara vaxtaşırı ödəmələr paylayır. Bu fikir, məsələn, ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Endryu Yanq tərəfindən də dəstəklənir. Fransadakı son prezident seçkilərində sosialist namizəd Benua Amon bunu proqramının vacib bir hissəsi edib.

Həmçinin oxu: Soft Bank-ın Uber və WeWork-a qoyulmuş investisiyalardan gördüyü zərər 5 milyard dolları keçə bilər

“Baza gəliri təhlükəsizlik hissini təmin edən müntəzəm minimum məbləğ deməkdir. Maedzavanın təklif etdiyi tamamilə fərqli bir şeydir”, — “Dai-ichi Life Research Institute”un baş iqtisadçısı Toşihiro Naqahama “Reuters”ə açıqlayıb. Naqahama izah edib ki, baza gəlir ideyası süni intellekt və insanları işlərindən məhrum edə biləcək digər texnologiyalarla bağlı narahatlıqlar səbəbindən dəstəklənib. Ancaq Yaponiyada iş yerlərinin çox olması səbəbindən bu fikrin daha az populyar olduğunu söylədi.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin yanvar ayında Maedzava artıq abunəçilərə pul payladığını elan etmişdi. O vaxt təsadüfi seçilmiş 100 insan ümumilikdə 100 milyon iena (900 000 dollar) qazanmışdı. Bu tvit sosial şəbəkə tarixində ən populyar paylaşıma çevrildi. Milyarder digər qeyri-adi xərcləri ilə də tanınır. Adı açıqlanmayan bir məbləğə İlon Maskın “SpaceX” kosmik şirkətinin Aya ilk tur üçün bütün biletlərini alıb. 2017-ci ildə Maedzava amerikalı rəssam Jan-Mişel Baskiatın “Kəllə” tablosuna görə 110,5 milyon dollar sərvət ödəmişdi.

Real vaxt rejimində yenilənən Forbes Real-Time reytinqinə əsasən Maedzava 2 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamları siyahısında 1281-ci yerdə qərarlaşıb. Qeyd edək ki, 2019-cu ilin noyabrında milyarder özünün təsis etdiyi Zozo onlayn pərakəndə satış şirkətinin üzərində nəzarət haqqını Yaponiyanın “SoftBank”ına satmışdı.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et