Millət vəkili: “Bankların kredit portfelinin artması gözlənilir” | Banco.az

Millət vəkili: “Bankların kredit portfelinin artması gözlənilir”

2018 – ci ildə Azərbaycan banklarının kredit portfeli 5 – 10 faiz artacaq. Bu haqda  “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub. Belə ki, agentliyin yeni hesabatında Azərbaycan bank sistemi üzrə proqnoz “mənfi”dən “stabil”ə dəyişib. Agentliyin fikrincə, iqtisadi artımın bərpa olunması kreditlərə tələbatın artmasına səbəb olacaq. Eyni zamanda 2018 – ci ildə korporativ kreditləşmə dinamikası zəif olacaq. Hesabatda qeyd olunur ki, bankların ümumi aktivlərində kreditlərin payı 2014 – cü ildə 74 faizdən 2017 – ci ildə 41 faizədək düşüb. Agentlik Azərbaycan banklarının kredit portfellərinin problemli kreditlərdən təmizlənəcəyini gözləyir. Bundan başqa, bank sektorunun konsolidasiyası davam edəcək.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili bankların kredit portfelinin artmasının gözlənilən olduğunu söyləyir: “2018 – ci ilin 6 aylıq yekunlarına görə Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 1.3% artıb. Qeyri neft sektorunda böyümə isə 2% olub.  Qeyri-neft sənayesində 8.8%, kənd təsərrüfatı məhsulu istehsalında isə 7.6% artım qeydə alınıb. Əhalinin banklarda əmanətində 14.9% artım var. Bundan başqa problemli kreditlərin səviyyəsində isə 1.7% azalma müşahidə olunub. Bütün bu göstəricilər iqtisadiyyatın maliyyə vəsaitləri ilə təmin olunma səviyyəsinin artmasının təzahürüdür. Banklarn aktiv kredit siyasəti yürütməsi həm də iqtisadiyyatın inkişafının nəticəsi kimi meydana çıxacaqdır. Bütün bunların fonunda isə deyə bilərəm ki, bankların kredit portfelinin artması gözləniləndir”. 

Ən sərfəli kredit üçün müraciət et

Şəbnəm Mehdizadə, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et