Müəllif:Ayşən İmanova\Banco.az
“Microsoft” süni intellektə malik yeni “Copilot Plus” kompüterlərini təqdim edib.
Banco.az xəbər verir ki, “Microsoft” şirkəti süni intellekt (AI) ilə işləməyə yönəlmiş yeni kompüterlər xəttini istifadəyə verib. Yeni seriya “Microsoft”un süni intellekt xidmətinin şərəfinə “Copilot Plus” adlandırılıb. Xəttə təkcə “Microsoft”un deyil, həm də tərəfdaşları olan - “Dell”, “Lenovo”, “Samsung”, “HP”, “Acer” və “Asus”un qurğuları daxil olacaq. Təqdim olunan kompüterlərin digərlərindən əsas fərqi süni intellekt alətləri üçün quraşdırılmış dəstəkdir.
İstehsalçı iddia edir ki, “Copilot Plus” kompüterləri indiyə qədər yaradılmış ən sürətli kompüterlərdir.Bu cihazlardakı çiplər saniyədə 40 trilyon əməliyyat yerinə yetirə bilir və ən qabaqcıl modellərə çıxışı təmin edir.
Göstərilən yüksək performansı təmin etmək üçün bütün “Copilot plus” kompüterləri müəyyən performans tələblərinə cavab verməlidir. Onlar ən azı 16 giqabayt operativ yaddaş, 256 giqabayt daxili yaddaş və inteqrasiya olunmuş neyron prosessor tələb edir.
Qeyd edək ki, ilk “Copilot Plus” kompüterləri iyunun 18-də təqdim olunacaq. Qiymət 999 dollardan başlayır. Şirkət gələn il ərzində 50 milyon cihaz satmağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!