Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın texnologiya şirkətləri "Microsoft" və "Google"un ana şirkəti "Alphabet"in xalis mənfəəti iyul-sentyabr aylarında azalıb.
Banco.az xəbər verir ki, iyul-sentyabr dövrünü maliyyə təqvimində birinci rüb kimi qəbul edən "Microsoft" balans hesabatını açıqlayıb.
Buna görə, şirkətin gəlirləri iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 50,1 milyard dollara çatıb. Şirkə 2021-ci ilin iyul-sentyabr dövründə 45,3 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə eyni dövrdə 14 faiz azalaraq 17,6 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə "Microsoft"un xalis mənfəəti 20,5 milyard dollar olub.
Şirkətin bir səhmi üzrə qazancı da bu müddət ərzində 2,71 dollardan 2,35 dollara düşüb.
"Alphabet"in maliyyə nəticələri gözləntiləri doğrultmayıb
"Google"un ana şirkəti "Alphabet" də 2022-ci ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.
Buna müvafiq olaraq, "Alphabet"in ilin III rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 69,1 milyard dollara çatıb. Şirkətin 2021-ci ilin III rübündə gəliri 65,1 milyard dollar hesablanmışdı.
"Alphabet"in gəliri üçüncü rübdə bazar proqnozlarını doğrultmazkən, şirkətin gəlir artım tempində də ləngimə davam edib.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 13,9 milyard dollar olub. “Alphabet” ötən ilin üçüncü rübündə 18,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin iyul-sentyabr dövründə 1,40 dollar olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 1,06 dollara qədər azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!