Tamara Mustafayeva, Banco.az
Amerikanın texnologiya nəhəngi Microsoft TikTok səhmlərini satın almaq üçün hərəkətə keçib. Bəzi sərmayəçilər TikTok-un dəyərinin 50 milyard dollar olduğunu bildirib.
Banco.az Blomberg nəşrinə istinadən bildirir ki, Microsoft şirkəti prezident Donald Trampın çağırışından sonra TikTok platformasının ABŞ bölməsi üzrə səhmlərini satın almağa hazırlaşır. Adları açıqlanmasa da, başqa təklif götürənlərin də olduğu məlumdur.
TikTok təmsilçisi, "Məsələ ilə bağlı açıqlama verməsək də, TikTok-un uzun vədəli uğurlarından əminik.", deyə bildirib. Microsoft isə hələ ki, heç bir açıqlama etməyib.
Dünya miqyasında 2.3 milyarddan çox endirilən TikTok platformasının hazırki bazar dəyəri 30-50 milyard dollar aralığında müəyyən edilir. Platformanın Microsoft şirkətinin fəaliyyətlərinə hansı aspektdən uyğun hesab edildiyini söyləmək hazırda mümküm deyil, çünki texnologiya nəhənginin sosial media üzrə ən böyük yatırımı işgüzar sferada məşhur olan LinkedIn platformasına olmuşdu. Onu da xatırladaq ki, TikTok platformasının ana şirkəti ByteDance 2012-ci ildə keçmiş Microsoft əməkdaşı olan Zhan Yiming tərəfindən təsis edilmişdi.
TikTok 2018-ci ildə ABŞ-da fəaliyyət göstərməyə başladığı gündən bəri 80 milyon istifadəçi ilə daim böyüyən platformadır. Odur ki, bəzi analitiklər sözügedən platformanı satın almaqla Microsoft şirkətinin Tramp hökumətinin tətbiqin ABŞ-da istifadəsini qadağan etməklə bağlı təhdidlərinə görə narahat olan milyonlarla istifadəçinin böyük rəğbətini qazanacağını proqnozlaşdırırlar.
Həmçinin oxu: Tramp TikTok-u bağlamamaq üçün şərtini irəli sürdü
Bizi sosial şəbəkələrdən izləyin!!