Məzuniyyət haqqının hesablanmasında nələrə diqqət yetirilməlidir? | Banco.az

Məzuniyyət haqqının hesablanmasında nələrə diqqət yetirilməlidir?

İşəgötürənlərlə işçilər arasında sual, bəzən də mübahisə yaradan məsələlərdən biri işçiyə məzuniyyət haqqı hesablanarkən ortaya çıxır. Hüquqşünas Şəhriyar Həbilov əmək məzuniyyətinə görə ödənişlərin məbləğinin hesablanması ilə bağlı maraq doğuran suallara aydınlıq gətirir.

Məzuniyyət hüququ qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, məzuniyyət haqqı təqvim ili ilə hesablanmır, burada iş ili əsas götürülür. İş ili dedikdə isə işçinin işə başladığı gündən növbəti ilin həmin gününədək olan müddət nəzərdə tutulur.

Misal: Tutaq ki, sürücü ştatında çalışan işçi müəssisədə işə 2017-ci il may ayının 5-də götürülüb. Onun iş ili 2018-ci il may ayının 5-də tamamlanmış sayılır. Bu müddət ərzində onun qanunvericiliklə müəyyən edilmiş məzuniyyət hüququ yaranır. Həmin işçinin iş ili ərzində məzuniyyət hüququndan istifadə etməməsi ona ya kompensasiya almaq, ya da məzuniyyətini növbəti iş ilinin məzuniyyəti ilə birləşdirmək imkanı verir.

Məzuniyyət haqqının məbləği məzuniyyətə çıxmazdan əvvəlki 12 ayda alınan əməkhaqqının məbləğindən asılıdır.

Məzuniyyət haqqının hesablanması üçün düstur və ya hesablama qaydası qanunvericiliklə müəyyən edilib. Məzuniyyət haqqını hesablamaq üçün öncə işçinin orta aylıq əməkhaqqı hesablanır.

Məsələn, işçi məzuniyyətə may ayında çıxmaq istəyirsə, maydan əvvəlki 12 ayın əməkhaqqı cəmlənir. Alınan məbləğ 12-yə bölünməklə işçinin orta aylıq əməkhaqqı tapılır. Aylıq əməkhaqqı 500 manat olan və 12 ay ərzində heç bir əlavə almayan işçinin illik gəliri 6.000 manat, orta aylıq əməkhaqqı isə 500 manatdır:

500 x12 = 6000 manat

6000:12 = 500 manat.

İşçinin orta aylıq əməkhaqqına uyğun olaraq bir günlük əməkhaqqı tapılır. Bunun üçün işçinin orta aylıq əməkhaqqı 30,4-ə bölünür:

500:30,4=16,45 manat.

İşçinin məzuniyyət haqqı istifadə etmək istədiyi məzuniyyət müddətinin bir günlük əməkhaqqı ilə hasilindən alınır. Tutaq ki, işçi 14 gün məzuniyyətə çıxmaq istədiyini bildirib. Bu zaman onun məzuniyyət haqqı 230,3 manat olacaq:

Ən sərfəli kredit üçün müraciət et

14x16,45 = 230,3 manat.

İşçi ilə əmək müqaviləsinə xitam verilərkən onun iş ilinə (və ya illərinə) görə istifadə etmədiyi əsas məzuniyyət günləri üzrə yuxarıdakı hesablama nəzərə alınmaqla işçiyə kompensasiya ödənilməlidir. Burada diqqət yetirilməli başlıca məqam işçiyə iş stajına görə və ya uşaqlı qadınlara verilən əlavə məzuniyyət günlərinin nəzərə alınmaması və ödənilməməsidir.

Onu da deyək ki, qanunvericiliyə əsasən, əmək məzuniyyəti hissə-hissə verilə bilər: bu şərtlə ki, bir hissənin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Bu, işçnin ildə bir dəfə ən azı 14 gün məzuniyyətə çıxa bilməsinə imkan verir.

İşçi yalnız öz razılığı ilə, əmrlə və istehsalat qəzası, yaxud təxirəsalınmaz hallarda (sübut edilməlidir) məzuniyyətdən geri çağırıla bilər. Geri çağırılan işçiyə tərəflərin razılığı ilə:

- ya işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir;

- ya da işçiyə işə başladığı gündən əməkhaqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et