Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İşçilərlə işəgötürənlər arasında mübahisə doğuran məsələlərdən biri məzuniyyət haqqının hesablanmasıdır.
Banco.az Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri əsasında əmək məzuniyyətinin hesablanmasını düstur şəklində təqdim edir:
Həmin maddədə qeyd olunur ki, məzuniyyət günlərinin haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.
30,4 əmsalının necə hesablanması ilə bağlı bildirmək istəyirik ki, həmin əmsal il ərzində 365 günün 12 aya bölünməsi nəticəsində tapılır. Dörd ildən bir fevral ayının 29 gün olduğu səbəbindən bəzi mühasiblər 30,5 (366 gün /12 ay) əmsalını tətbiq etmək istəsələr də, əmsal konkret olaraq 30,4 qəbul edildiyi üçün burada başqa yanaşma düzgün hesab edilə bilməz.
Məsələ barədə açıqlama verən hüquqşünas Sahib Məmmədov bildirib ki, qanunvericiliyə görə, bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş olunmur.
“Bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin həmin aylarda məzuniyyətdə olması əməkhaqqının məbləğinə təsir edir. Bu baxımdan cəmi 15 iş günü olan mart ayı məzuniyyət üçün əlverişsiz müddət hesab edilir. 2024-cü ildə Qurban bayramı iyun ayına təsadüf etdiyindən həmin ayda da məzuniyyətə çıxmaq maddi cəhətdən sərfəli deyil. 2024-cü ildə ən çox iş günləri iyul, avqust və oktyabrda olduğundan məzuniyyətə bu aylarda çıxmaq daha əlverişlidir”.
Qeyd edək ki, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!