Meyvə-tərəvəzlə bağlı qıtlıq ola bilərmi? | Banco.az

Meyvə-tərəvəzlə bağlı qıtlıq ola bilərmi?

“Əgər bir fermer yaşadığı kənd üzrə öz fermer təsərrüfatı ilə məşğul olursa, həmin fermerlərin kənd daxilində fəaliyyəti tam sərbəstdir. Əgər fermerlərin kənddən kəndə, kənddən rayona getmək zərurəti yaranırsa, yaxud onların təsərrüfatları digər kəndlərdə, rayonlardadırsa, o zaman artıq fermerlər yerli icra nümayəndələrinə müraciət edərək arayış əldə etməlidir”.

Bunu Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin direktoru Anar Hüseynov REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, rayonlararası və şəhərlərarası hərəkətə gəldikdə isə, o zaman kənd təsərrüfatı istehsalı ilə məşğul olan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edərək bu arayışı əldə edə bilərlər: “Yaxud da fermerlərin Bakı şəhərində və ya Sumqayıtdan regionlardakı təsərrüfatlarına getmək zərurəti yaranarsa, o zaman nazirliyin tabeliyində Aqrar Xidmətlər Agentliyinə və Qida  Təhlükəsizliyi Agentliyinə müraciət edərək arayış əldə edə bilərlər. Bu arayışların verilməsi ödənişsiz həyata keçirilir. Əgər hər hansı belə hal  baş verərsə, fermerlərimiz nazirliyin 1652 nömrəli Çağrı Mərkəzinə zəng etməklə bizə müraciət edə bilər. Nazirlik xüsusi karantin rejimi tətbiq olunandan bəri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlər elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçibsə, Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edərkən onlara arayışlar dərhal təqdim olunacaq. Bu sistemdə qeydiyyatdan keçməyən digər şəxslər isə yerli icra hakmiyyətinə müraciət edərək arayışları əldə edə bilərlər”.

Ən sərfəli kredit üçün müraciət et

A.Hüseynov kənd təsərrüfatı məhsullarında hər hansı qıtlıq olub-olmayacağı ilə bağlı suala da aydınlıq gətirib. O bildirib ki, hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarında qıtlıq olacağı ilə bağlı hər hansı əsas yoxdur: “Çünki ötən il kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunub. Bu il karantin rejimi tətbiq olunandan sonra satış həyata keçirilən supermarketlərdə və digər yerlərdə kənd təsərrüfatı məhsullarında elə bir qıtlıq müşahidə olunmayıb. Karantin rejimindən sonra bir sıra restoranlar, şadlıq  evləri fəaliyyətini dayandırdı. Bundan sonra nazirliyin tərkibində fəaliyyət göstərən Aqrar Tədqiqatlar Mərkəzinin apardığı araşdırmaya görə, ümumi kənd təsərrüfatı və ərzaq məhsullarına təlabatın 5 faiz azalması gözlənilir. Bu, əlbəttə ki, bazarda müəyyən bolluğun olmasına gətirib çıxaracaq.

Qiymətin qalxacağı  məsələsinə gəlincə isə, Kənd Təsərrüfatı Nazirliyi  kənd təsərrüfatı mallarının qiymətinin formalaşmasında heç bir şəkildə iştirak etmir.  Bazar sərbəstdir. Hər bir sahibkar, kənd təsərrüfatı məhsulu istehsalçısı qiymətin müəyyənləşməsini özləri bazardakı tələb və təklifə əsasən təyin edirlər. İndi əsas məqsəd daxili təlabatı ödəməkdir. Ancaq ixracyönümlü məhsullarımız da daim mövcuddur. Onlar davamlı olaraq ixrac olunur. Hazırda elə bir ciddi narahatlıq yoxdur. Biz daimi olaraq yerlərdə fermerlərlə, sahibkarlarla danışıqlar aparırıq”.

Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et