Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” 2025-ci ildə süni intellektlə əlaqəli layihələrə 65 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.
Banco.az xəbər verir ki, “Meta” şirkətinin CEO-su Mark Zukerberq cümə günü etdiyi açıqlamada “Meta Platforms Inc.”in 2025-ci ildə böyük bir yeni məlumat mərkəzi inşa etmək və süni intellekt komandalarında işə qəbul sayını artırmaq da daxil olmaqla, süni intellektlə bağlı layihələrə 65 milyard dollara qədər sərmayə qoymağı planlaşdırdığını bildirib.
Zukerberq “Facebook” hesabındakı paylaşımında şirkətin vəsaitlərini "Manhettanın əhəmiyyətli bir hissəsini əhatə edəcək qədər böyük" bir məlumat mərkəzinin tikintisi üçün istifadə etməyi planlaşdırdığını qeyd edib.
Bu il təxminən 1 giqavatlıq emal gücünü istifadəyə verəcəklərini bildirən Zukerberq ilin sonuna qədər 1,3 milyondan çox qrafik emal vahidinə (GPU) sahib olacaqlarını vurğulayıb.
Zukerberq paylaşımında belə qeyd edib: "Bu, çox böyük bir səydir və qarşıdakı illərdə əsas məhsullarımızı və işimizi irəli aparacaq, tarixi yeniliklərə yol açacaq və Amerikanın texnologiya liderliyini genişləndirəcək."
Son bir neçə ildə süni intellektə əhəmiyyətli sərmayələr qoyan “Meta” yaxın zamanda Luizianada 10 milyard dollarlıq yeni bir məlumat mərkəzi quracağını açıqlayıb. Şirkət həmçinin süni intellekt köməkçisi və “Ray-Ban” ağıllı eynəkləri kimi məhsullara dəstək vermək üçün yeni kompüter çipləri də alıb. Zukerberq “Meta”nın 2025-ci ildə "süni intellekt komandalarını əhəmiyyətli dərəcədə genişləndirəcəyini" də əlavə edib.
Xatırladaq ki, Zukerberqin bu açıqlaması “OpenAI”, “SoftBank Group Corp.” və “Oracle Corp.”un ABŞ üzrə məlumat mərkəzləri və süni intellekt infrastruktur layihələri inşa etmək üçün “Stargate” adında 100 milyard dollarlıq bir ortaq təşəbbüsünü elan etməsindən bir neçə gün sonra gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!